İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İslam Respublikası qarşı tərəfi Tehranın tələblərini qəbul etməyə məcbur edənə qədər müharibəni davam etdirəcək. Onun sözlərinə görə, əks halda «düşmən» məğlubiyyəti qəbul etməlidir.
Qalibaf oktyabrın 14-də, çərşənbə günü yaydığı videomüraciətdə deyib: «Düşməni çarəsiz vəziyyətə salmaq üçün döyüşürük ki, tələblərimizə boyun əysin, əgər boyun əyməsə, məğlubiyyəti qəbul etsin».
O, müharibənin sonsuz davam etməsini və ya danışıqların daimi xarakter almasını rədd edib. Bununla belə, İslam Respublikasının hərbi təzyiqi və danışıqları eyni vaxtda apardığını, bu yanaşmanın məqsədinin isə öz tələblərini qarşı tərəfə qəbul etdirmək olduğunu vurğulayıb.
Parlament sədri həmçinin hərbi hazırlığın artırılmasının və lazım olduqda bütün imkanlardan istifadə edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, döyüş meydanında qazanılan hər bir qələbə siyasi müstəvidə qeydə alınmalı, möhkəmləndirilməli və «düşmənin məğlubiyyət sənədinə» çevrilməlidir.