Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sözlə hədəfə alaraq onu «diktator» adlandırıb.
İsrailin baş naziri Türkiyənin «antisemit yalanların super yayıcısına» çevrildiyini iddia edib və deyib: «Ərdoğan diktatordur. O, həmçinin HƏMAS-ın terrorçu liderlərini qəbul edir».
İsrailin baş naziri daha sonra Türkiyə prezidentinə bir sıra ittihamlar irəli sürüb. O, Ərdoğanın minlərlə kürd mülki şəxsin qətlinə məsuliyyət daşıdığını, erməni soyqırımını inkar etdiyini, jurnalistləri və müxalifət liderlərini həbs etdiyini iddia edib.
Netanyahu çıxışının digər hissəsində Türkiyənin regional siyasətini tənqid edib. O, Ankaranın Şimali Kiprı qanunsuz olaraq işğal altında saxladığını, Yunanıstana qarşı təcavüzkar addımlar atdığını və Suriyada təsirini genişləndirməyə çalışdığını iddia edib.
Bununla yanaşı, İsrail Bəşşar Əsədin devrilməsindən və İrana bağlı qüvvələrin bu ölkədən tamamilə çıxmasından sonra Suriyanın Colan yüksəkliklərindəki ərazilərini işğal etməyə və ölkə ərazisini bombalamağa davam edir.
İsrailin baş naziri Ərdoğanın İsrail və Qüds (Yerusəlim) barədə mövqelərinə də toxunaraq deyib: «O, demək olar ki, hər gün İsrailin məhv edilməsinə çağırır. Deyir ki, Qüdsün hakimi olacaq. Xeyr, cənab. Olmayacaqsınız. Bu, bizim ölkəmizdir; bu, bizim şəhərimizdir; bizim əbədi paytaxtımızdır».
Netanyahunun bu açıqlamaları İsrail ilə Türkiyə arasında münasibətlərin son illərdə dəfələrlə gərginləşdiyi bir vaxtda səslənib. Tərəflər Qəzza müharibəsi, fələstinlilərin vəziyyəti və regional proseslər kimi məsələlərdə fərqli mövqelər tutub, iki ölkənin rəsmiləri isə dəfələrlə bir-birini sərt şəkildə tənqid edib.