ArazNews
Ana Səhifə / Dünya / Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi İranın böhranlarının idarə olunmasında strateji rol oynayıb
Dünya

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi İranın böhranlarının idarə olunmasında strateji rol oynayıb

Ərdoğan:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü, 19 sentyabrda İstanbulda Qazilər Günü münasibətilə keçirilən mərasimdə bəyan edib ki, "Terrorsuz Türkiyə" adlanan proses terror fəaliyyətlərinə son qoymaq məqsədilə dövlət layihəsi kimi davam etdirilir. O deyib ki, bu proses müxtəlif təxribat və maneələrə baxmayaraq, son iki il ərzində əhəmiyyətli irəliləyiş qeydə alıb.

Ərdoğan son altı ayda baş vermiş müharibə və böhranlara toxunaraq bildirib: "Xüsusilə son altı ayda, ətrafımızda, xüsusən qonşumuz İranda və Körfəz bölgəsində baş vermiş müharibə və böhranların ağıllı şəkildə idarə olunmasında bizim Terrorsuz Türkiyə prosesimiz çox mühüm strateji rol oynayıb."

O əlavə edib: "Yeni fitnə odları yandıraraq qardaşı qardaşın canına qəsd etdirmək istəyən planlar ölkəmizin səyləri sayəsində, Allaha şükürlər olsun, boşa çıxdı."

Türkiyə prezidenti həmçinin Suriyadakı hadisələrə də toxunaraq bildirib ki, bu ölkədən ümidverici xəbərlər alır və orada da terror məsələsi qardaş qanı tökülmədən, sülh yolu ilə həll prosesindədir.

Ərdoğan sözünə davam edərək bu prosesə dair Türkiyə parlamentində 467 səslə qəbul edilmiş qanunu xatırladıb və bunu həssas bir mərhələnin keçilməsi kimi qiymətləndirib. O bildirib ki, hökuməti terror fəaliyyətlərinin yenidən baş qaldırmasının qarşısını almaq üçün zəruri tədbirləri görməkdə qətiyyətlidir. O, bu prosesin yekun mərhələlərinin geridə qoyulması ilə təkcə Türkiyədə deyil, bütün regionda sabitlik və dinclik bərqərar olacağına ümidvar olduğunu bildirib.