Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkənin Şərq-Qərb neft kəmərinə edilən hücumu pisləyib və bildirib ki, bu hücum krallığın şərq bölgələrində baş verib, nəticədə bir sıra insan yaralanıb və maddi ziyan dəyib.
Ər-Riyad açıqlayıb ki, İraq baş nazirinin müraciətindən sonra Bağdad hökumətinə "İraq ərazisindən" Səudiyyə Ərəbistanına və qonşu ölkələrə qarşı həyata keçirilən hücumların qarşısını almaq üçün lazımi tədbirləri görmək məqsədilə fürsət verilib. Eyni zamanda Səudiyyə Ərəbistanı İraq hökumətinin ölkədə sabitliyin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiyini bildirib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi vurğulayıb ki, Ər-Riyad suverenliyini, təhlükəsizliyini, obyektlərini, vətəndaşlarını və ölkədə yaşayanları qorumaq üçün "bütün zəruri tədbirləri" görmək hüququnu özündə saxlayır. Bu, Hörmüz boğazındakı gərginlikdən sonra ölkənin alternativ neft ixracat marşrutunun zərər gördüyünə dair Səudiyyə Ərəbistanının ilk rəsmi təsdiqidir.