Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının («PISA 2025») nəticələrinə əsasən, Türkiyə həm təbiət elmləri, həm oxu bacarığı, həm də riyaziyyat sahələrində öz nəticəsini artırıb və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında ən böyük irəliləyişi qeydə alıb.
Bu test 91 ölkənin iştirakı ilə keçirilib. Türkiyədə isə 56 vilayətdəki 203 məktəbdən 15 yaşlı 7 min 702 şagird bu qiymətləndirmədə iştirak edib. Türkiyə 2022-ci illə müqayisədə dünya reytinqində təbiət elmləri üzrə 15 pillə, oxu üzrə 18 pillə və riyaziyyat üzrə 11 pillə irəliləyib.
Türkiyənin təbiət elmləri üzrə balı 2003-cü ildəki 434-dən 2025-ci ildə 494-ə çatıb. Oxu bacarığı üzrə bal 441-dən 472-yə, riyaziyyat üzrə isə 423-dən 462-yə yüksəlib. Türkiyə 91 ölkə arasında təbiət elmləri üzrə 19-cu, oxu üzrə 18-ci və riyaziyyat üzrə 28-ci yeri tutub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 38 üzvü arasında isə Türkiyə təbiət elmləri üzrə 14-cü, oxu üzrə 13-cü, riyaziyyat üzrə isə 23-cü yerdə qərarlaşıb. Türkiyənin Milli Təhsil Nazirliyinin hesabatına görə, bu ölkə son 10 ildə həmin təşkilata üzv olan ölkələr arasında hər üç sahədə də nəticəsini artıran yeganə ölkə olub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu uğuru öz hökumətinin təhsilə verdiyi əhəmiyyətin nəticəsi kimi qiymətləndirib. O, müəllimləri, şagirdləri, valideynləri və təhsil ictimaiyyətini təbrik edərək deyib: «Övladlarımızı gələcəyimizin təminatçıları olaraq daha layiqli, daha özünəinamlı və daha bacarıqlı şəkildə yetişdirmək üçün səylərimizi davam etdirəcəyik».