Yəmənin Dövlət Təhlükəsizliyi İdarəsi bildirib ki, İŞİD-in tanınmış liderlərindən və sözçüsü olan "Əbu Xüzeyfə əl-Ənsari" Yəməndə keçirilən birgə təhlükəsizlik əməliyyatı zamanı öldürülüb.
Yəmənin Mərkəzi Dövlət Təhlükəsizliyi İdarəsinin məlumatına görə, bu əməliyyat koalisiyanın xüsusi təyinatlı qüvvələri tərəfindən Yəmənin terrorla mübarizə qüvvələrinin dəstəyi ilə həyata keçirilib. Əməliyyatın ilkin məqsədi əl-Ənsarinin həbs edilməsi olub, lakin proses onun öldürülməsi ilə nəticələnib. Qurum bildirib ki, əməliyyatda iştirak edən qüvvələr tapşırığı yerinə yetirdikdən sonra bölgəni tərk ediblər və mülki şəxslərə heç bir ziyan dəyməyib.
"Ədən əl-Ğəd" qəzeti yerli mənbələrə istinadla xəbər verib ki, əməliyyat çərşənbə axşamı səhər saatlarında Hədrəmövt vilayətinin Seyun şəhərində keçirilib.
İŞİD 2023-cü ilin avqust ayında Əbu Xüzeyfə əl-Ənsarini öz sözçüsü kimi təqdim etmişdi. O, bundan sonra qrupun bir neçə təbliğat xarakterli səs mesajında peyda olub və son dəfə 2026-cı ilin fevral ayında Suriya hökumətinə qarşı yayımladığı mesajda İŞİD tərəfdarlarını müharibəni davam etdirməyə çağırıb.