Pakistan və Küveyt yeni sazişə imza ataraq, müdafiə və hərbi sahədə əməkdaşlıqlarının dairəsini genişləndiriblər. Saziş Küveyt hərbi qüvvələrinin təlimini, hərbi potensialın gücləndirilməsini və sərhədlərin idarə olunması sahəsində əməkdaşlığı əhatə edir.
Pakistanın Müdafiə Nazirliyinin məlumatına görə, "2026-cı il Protokolu" adlanan yeni sənəd Küveyt müdafiə nazirinin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Ravalpindiyə səfəri çərçivəsində imzalanıb və iki ölkə arasında 2023-cü ildəki müdafiə sazişinin çərçivəsini "əhəmiyyətli dərəcədə" genişləndirir.
İki ölkə arasındakı əməkdaşlıq, həmçinin birgə hərbi təlimləri, qüvvə və ekspertlərin mübadiləsini, logistika məsələlərini, elmi-texniki əməkdaşlığı və hərbi məlumat mübadiləsini də əhatə edir. İslamabad və Küveyt arasındakı müdafiə əlaqələri bir neçə onilliklik tarixə malikdir və Pakistan qüvvələri 1990-cı ildə İraqın Küveyti işğal etməsindən sonra minaların təmizlənməsi əməliyyatlarında da iştirak ediblər.
Bu saziş elə bir vaxtda imzalanır ki, Küveyt ABŞ və İsrailin İran İslam Respublikası ilə son müharibəsi zamanı İranın raket və pilotsuz uçuş aparatları hücumları ilə üzləşmişdi.