İran və Çinin Birgə Ticarət Palatasının sədri Məcidrza Hərriri Donald Trampın İslam Respublikasına qarşı iqtisadi müharibəni gücləndirmə barədə yeni hədəsinə münasibət bildirərək, bu hədələrin İran iqtisadiyyatı üçün yeni bir məna daşımadığını qeyd edib.
Hərririnin bu açıqlamaları elə bir vaxtda yayılıb ki, Tramp İran rejiminə qarşı "ən ağır iqtisadi əməliyyat" adlandırdığı tədbirlərə başladığını elan edib və Tehrana kömək etdikləri halda geniş iqtisadi nəticələrlə üzləşəcəkləri ilə bağlı üçüncü ölkələri də hədələyib.
Hərriri son günlər ABŞ-ın dəniz mühasirəsi altında olan İranın iqtisadi vəziyyəti ilə bağlı ciddi xəbərdarlıqlar edib. O bildirib ki, mühasirənin nəticələri "müharibədən də ağır" olacaq.
İran-Çin Ticarət Palatasının sədri həmçinin qeyd edib ki, malların cənub limanları əvəzinə quru yolları ilə daşınması İran iqtisadiyyatına ildə təxminən 18 milyard dollar əlavə xərc yükləyə bilər. Onun sözlərinə görə, bir konteynerin Çindən İrana daşınma xərci dəniz yolu ilə təxminən üç min dollardan quru yolu ilə təxminən 12 min dollara qədər artır.