Səudiyyə Ərəbistanının Aramco şirkəti ən azı dörd milyon barrel xam neft iki böyük Çin neft emalı zavoduna satıb. Bu neftin yüklənməsi Hörmüz boğazından kənarda, Birləşmiş Ərəb Əmirliklərinin Fucəyrə limanı qarşısındakı sularda həyata keçiriləcək.
Reuters agentliyi ticarət mənbələrinə istinadən xəbər verib ki, PetroChina və Sinochem şirkətləri hər biri Səudiyyə Ərəbistanının daha ağır xam neftindən iki milyon barrel alıb. Aramco Asiyalı müştərilərə "Ərəb Medium" və "Ərəb Heavy" növ neftləri Fucəyrə yaxınlığında gəmidən-gəmiyə ötürülmə üsulu ilə təklif edib.
Bu sövdələşmələr elə bir şəraitdə baş verir ki, regiondakı müharibə və təhlükəsizlik böhranı neft tankerlərinin Hörmüz boğazından hərəkətini pozub və Körfəzin neft ixracatçısı ölkələri öz ixracatlarını qoruyub saxlamaq üçün alternativ marşrutlar və üsullar axtarırlar.
Aramco keçən həftə bir neçə həftəlik fasilədən sonra Hörmüz boğazının daxilindəki terminallardan da neft yüklənməsinin bir hissəsini bərpa edib. 12-16 avqust tarixləri arasında hər biri təxminən iki milyon barrel tutumu olan üç nəhəng tanker Ras Tanura və əl-Cueymə terminallarından yüklənib, digər tankerlər isə yüklənmə növbəsindədir.
Çinə edilən yeni satış göstərir ki, Səudiyyə Ərəbistanı Hörmüz marşrutu üzərindən ixracatını məhdud şəkildə bərpa etməklə yanaşı, eyni zamanda bu strateji keçiddən kənarda neft çatdırılması imkanlarını da genişləndirməyə və ixracatının Hörmüz boğazından asılılığını azaltmağa çalışır.