ABŞ Ədliyyə Nazirliyi yeni bir işdə İran İslam Respublikasına aid edilən, ABŞ prezidenti Donald Trampın təyyarəsinə qarşı yönəldilmiş raket təhdidini onun «sui-qəsdinə cəhd» kimi qiymətləndirib.
Keçən ay ortaya çıxan bu təhdid xüsusi təhlükəsizlik tədbirlərinə səbəb olub və Trampın istifadə etdiyi təyyarənin məxfi şəkildə dəyişdirilməsi ilə nəticələnib.
ABŞ hökumətinin Ali Məhkəmədəki baş vəkili Con Sauer təcili müraciətdə Trampa qarşı təhdidlərin artmasına toxunaraq yazıb ki, ABŞ prezidenti son dövrdə «getdikcə artan sayda sui-qəsd cəhdlərinin» hədəfinə çevrilib. O, xüsusilə 8 iyulda «Air Force One təyyarəsinə qarşı raket hücumu təhdidi»nə istinad edib.
ABŞ hökuməti bu təhlükəsizlik təhdidlərinə istinad edərək Ali Məhkəmədən Ağ Evin yeni mərasim salonunun tikintisinin dayandırılması barədə qərarın ləğv edilməsini tələb edib. Hökumətin planına görə, bu kompleksdə hərbi məqsədlər üçün yeraltı qurğular və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi üçün sahə olacaq.