Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Kiprə səfəri çərçivəsində adanın iki hissəsinin rəhbərləri ilə ayrı-ayrılıqda görüşdükdən sonra BMT-nin tərəflərin mövqelərini yaxınlaşdırmaq istiqamətindəki səylərini davam etdirəcəyini vurğulayıb.
Quterreş çərşənbə axşamı günü Kipr türklərinin rəhbəri Tufan Erhürmanla və adanın yunan hissəsinin rəhbəri Nikos Xristodulidislə ayrı-ayrılıqda görüşüb. O, bu danışıqlardan sonra BMT-nin etimad artırılmasına və davamlı həll yoluna nail olunmasına kömək edəcək hər hansı addımı dəstəkləməyə hazır olduğunu bildirib.
BMT Baş katibi əlavə edib ki, Kipr münaqişəsinin həlli yalnız adada yaşayan iki icmanın iştirakı və zəmanətçi ölkələrin əməkdaşlığı ilə mümkün olacaq.
Görüşlərdə həmçinin hər iki tərəfin mənafelərini təmin etmək məqsədilə etimad artırıcı tədbirlərin həyata keçirilməsinə və ortaq layihələrin icrasına dair təkliflər müzakirə edilib.
Quterreş danışıqlarını konstruktiv olaraq səciyyələndirib və onilliklər ərzində davam edən Kipr məsələsinin hərtərəfli həlli üçün dialoqu davam etdirməyə sadiq qaldığını deyib.