Təbriz Mərkəzi Həbsxanasında cəzasını çəkən Azərbaycanlı siyasi fəal Yuroş Mehrəlibəyli yeni bir iş üzrə 3 il 7 ay müddətinə həbs cəzasına məhkum edilib.
Yayımlanan məlumatlara görə, bu işdə ona "xalqı müharibəyə təhrik etmək" və "İslam Respublikasına qarşı küçə etirazlarına çağırmaq" kimi ittihamlar irəli sürülüb. Məhkəmə onu "sistemə qarşı təbliğat" ittihamı üzrə 7 ay 16 gün, "xalqı etirazlara təhrik etmək və müharibəyə, qırğına çağırmaq" ittihamı üzrə isə 3 il 1 gün həbs cəzasına məhkum edib.
Mehrəlibəyli cari ilin yanvarın 5-i, bazar ertəsi günü Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Həbsdən sonra üç aydan çox müddət Təbriz Kəşfiyyat İdarəsinin istintaq təcridxanasında saxlanılıb və sonradan Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bu Azərbaycanlı fəal Təbriz Mərkəzi Həbsxanasına köçürüldüyü gündən etibarən həmin həbsxananın xüsusi blokunda saxlanılır.
O, daha əvvəl "Demokratlar" adıyla tanınan iş üzrə Təbriz İnqilab Məhkəməsi tərəfindən "Demokratlar qrupunu yaratmaq" və "ölkənin təhlükəsizliyinə qarşı birləşmə və sui-qəsd" ittihamları ilə ümumilikdə 9 il 9 ay həbs cəzasına məhkum edilmişdi.
Yeni hökmün verilməsi ilə Yuroş Mehrəlibəylinin ümumilikdə həbs cəzası 13 il 4 aya çatıb.