Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdı
Azərbaycan Respublikasının Milli Məclisi rəsmi qərarla Avropa Parlamenti ilə bütün münasibətləri dayandırıb.
ArazNews-un Musavat-a istinadən verdiyi məlumata görə, bu qərar Avropa Parlamentinin Azərbaycana qarşı davam edən tənqidi və müdaxilə xarakterli mövqeləri fonunda qəbul edilib. Qərara əsasən, bütün səviyyələrdə əməkdaşlıq, o cümlədən Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirak və “Euronest” Parlament Assambleyası çərçivəsində fəaliyyət dayandırılır.
Qərarın mətnində vurğulanır ki, Avropa Parlamenti Ermənistanın Azərbaycanın ərazilərini 30 il işğal etməsi, şəhərlərin geniş şəkildə dağıdılması və bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulması məsələsində qeyri-ədalətli mövqe sərgiləyib və bu ərazilərin azad edilməsindən sonra da siyasi təzyiqlər və qətnamələrlə bu yanaşmanı davam etdirib.
Avropa Parlamentinin son qətnamələrində ermənilərin geri qayıdışı və müharibə cinayətləri ittihamı ilə mühakimə olunan erməni şəxslərin azad edilməsi tələbi də yer alıb.
Azərbaycan Milli Məclisi bildirib ki, Avropa Parlamenti siyasi təzyiq və daxili işlərə müdaxilə alətinə çevrilib və bu şəraitdə əməkdaşlığın davamı mümkün deyil.