Tramp: İranla müharibədə qalib gəldik, amma daha böyük qələbə istəyirik
ABŞ prezidenti Donald Tramp İranın zəiflədiyini vurğulayaraq nüvə zəmanətlərinə nail olmaq üçün təzyiqlərin davam etdiriləcəyini bildirib.
Araz News-un məlumatına görə, Tramp Newsmax telekanalına müsahibəsində deyib ki, ABŞ İranla müharibədə “qalib gəlib”, lakin Vaşinqton “daha böyük fərqlə qələbə” əldə etməyə çalışır.
Tramp bildirib ki, İran hərbi və iqtisadi baxımdan ciddi şəkildə zəifləyib və bərpa üçün illərə ehtiyac duyur. O vurğulayıb ki, hərbi nailiyyətlər təkbaşına kifayət deyil və ABŞ Tehrandan heç vaxt nüvə silahına sahib olmayacağına dair zəmanət almalıdır.
ABŞ prezidenti həmçinin iddia edib ki, İran iqtisadiyyatı çökmə həddinə çatıb və bunu İran limanlarının tam mühasirəsi ilə əlaqələndirib.
Eyni zamanda, böhranın diplomatik yolla həlli istiqamətində proses hələ də çıxılmaz vəziyyətdədir. İsrailin “Kanal 12” telekanalı Tel-Əvivin danışıqların uğursuzluğunu elan etməyə hazırlaşdığını bildirib.
Məlumata görə, bəzi İsrail rəsmiləri danışıqların iflasa uğrayacağı halda Vaşinqtonun İranın enerji obyektlərini hədəfə almaq üçün İsrailə yaşıl işıq yandıra biləcəyini deyiblər.