Mossadın İran hakimiyyətini dəyişdirmə planının detalları açıqlanıb

1 saat əvvəl 2 dəq oxu Editorial Board
 Mossadın İran hakimiyyətini dəyişdirmə planının detalları açıqlanıb


İsrail mətbuatında yayımlanan geniş hesabatda iddia olunur ki, regiondakı son gərginliklər zamanı İran hakimiyyətini dəyişdirməyə yönəlmiş plan hazırlanıb, lakin sonda həyata keçirilməyib.

ArazNews-un məlumatına görə, “Yedioth Ahronoth” qəzetində dərc olunan məqalədə planın əsas məqsədinin “tam qələbə” əldə etmək üçün İranda siyasi strukturun dəyişdirilməsi olduğu qeyd olunur. Bu ideyanın Mossadın keçmiş rəhbəri Meir Dagan və baş nazir Ehud Olmert dövrünə qədər uzandığı, daha sonra Benyamin Netanyahu tərəfindən yenidən gündəmə gətirildiyi bildirilir.


Hesabatda qeyd olunur ki, İsrail təhlükəsizlik qurumları bu məqsəd üçün iki istiqamət üzərində işləyib: siyasi və təhlükəsizlik elitaları üzərindən yuxarıdan təzyiq və ölkə daxilində etirazların təşviqi. İddialara görə, bu plan illər ərzində inkişaf etdirilərək icra mərhələsinə çatdırılıb.


Məqalədə ABŞ-ın da müəyyən mərhələlərdə bu prosesdə rol oynadığı və Donald Tramp dövründə bəzi koordinasiyaların aparıldığı iddia edilir. Lakin Vaşinqton daxilində fikir ayrılıqları və planın real icra imkanları ilə bağlı şübhələr onun dayandırılmasına səbəb olub.


Planın ilkin mərhələdə hava zərbələri ilə başlayacağı, daha sonra isə sərhəd bölgələrində silahlı qrupların aktivləşdirilməsi ilə davam edəcəyi nəzərdə tutulub. Ancaq bu mərhələlər ciddi çətinliklərlə üzləşib və əməliyyatın başlanmasına saatlar qalmış dayandırıldığı bildirilir.


Hesabatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regiondakı rolu və Vaşinqtonla apardığı danışıqların qərara təsir göstərdiyi də iddia olunur.


Eyni zamanda İsrail daxilində hərbi və kəşfiyyat qurumları arasında fikir ayrılıqları yaşandığı, nəticədə ordunun yanaşmasının üstün gəldiyi və “rejim dəyişikliyi” hədəfinin əsas prioritetdən ikinci plana keçdiyi vurğulanır.