Güney Azərbaycan nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyində
Güney Azərbaycandan olan siyasi partiya və təşkilat nümayəndələrindən ibarət heyət aprelin 24-də Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüş keçirib.
ArazNews-un məlumatına görə, görüşdə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası və Azərbaycan Tələbə Hərəkatının üzvləri iştirak edib. Nümayəndələr Almaniya XİN-in İran bölməsinin rəhbəri Martin Falk ilə müzakirələr aparıblar.
Görüş zamanı çıxış edən nümayəndələr bildiriblər ki, Güney Azərbaycan və ümumilikdə türklər İran əhalisinin mühüm hissəsini təşkil edir və digər millətlərlə birlikdə “rejimə alternativ” ola bilərlər. Onlar Avropa qurumlarının azərbaycanlıları siyasi proseslərdə kifayət qədər nəzərə almamasını tənqid edərək, bu səsin Avropaya çatdırılması üçün dəstək istəyiblər.
Toplantıda eyni zamanda Rza Pəhləvinin Almaniyaya səfərinə etiraz edilib və bildirilib ki, Azərbaycan xalqı “Pəhləvi diktaturasını qəbul etməyəcək”. Almaniya XİN nümayəndəsi isə onun rəsmi dəvətlə deyil, parlamentdəki bir partiya nümayəndəsinin təşəbbüsü ilə iştirak etdiyini qeyd edib.
Təxminən bir saat yarım davam edən görüşün sonunda tərəflər gələcəkdə əlaqələrin davam etdirilməsi və Güney Azərbaycanla bağlı məsələlər üzrə dialoqun genişləndirilməsi barədə razılığa gəliblər.