Aref: Hörmüz boğazının təhlükəsizliyi “pulsuz” deyil
İran prezidentinin birinci müavini enerji gərginliklərinə toxunaraq, İranın neft ixracına qoyulan məhdudiyyətlərlə gəmiçiliyin təhlükəsizliyi arasında ziddiyyət olduğunu bildirib.
ArazNews-un məlumatına görə, Məhəmmədrza Aref X platformasında paylaşımında qeyd edib ki, Hörmüz boğazında təhlükəsizlik digər ölkələr üçün “pulsuz” təmin oluna bilməz, eyni zamanda İranın neft ixracı məhdudlaşdırıldığı halda.
O vurğulayıb: “İranın neft ixracını məhdudlaşdırıb, eyni zamanda başqalarının bu strateji keçiddə tam təhlükəsizlikdən faydalanmasını gözləmək mümkün deyil.”
Aref əlavə edib ki, ya neft bazarı bütün ölkələr üçün sərbəst fəaliyyət göstərməlidir, ya da dünya enerji və təhlükəsizlik sahəsində ciddi xərclərlə üzləşəcək.
O, həmçinin bildirib ki, qlobal yanacaq qiymətlərində sabitlik yalnız İran və onun müttəfiqlərinə qarşı iqtisadi və hərbi təzyiqlərin “davamlı və zəmanətli” şəkildə sona çatması ilə mümkündür.