Tramp: İranda tam rejim dəyişikliyi baş verəcək, “bir sivilizasiya bu gecə öləcək”
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı sosial şəbəkədə paylaşdığı mesajda İranda “tam və hərtərəfli rejim dəyişikliyi”nin baş verəcəyini iddia edib və bunu tarixi bir dönüş nöqtəsi kimi təqdim edib.
Araz News-un məlumatına görə, Tramp Truth Social platformasında yazıb: “Bir sivilizasiya bu gecə öləcək və heç vaxt geri qayıtmayacaq.” O, İranın mövcud siyasi sisteminin süqutunu “47 illik təhdid, korrupsiya və ölümün sonu” kimi qiymətləndirib.
ABŞ prezidenti əlavə edib: “Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək.” O bildirib ki, “daha ağıllı və daha az radikal düşüncəli insanların” hakimiyyətə gəlməsi ilə “inqilabi və möhtəşəm” dəyişikliklər mümkündür.
Tramp “rejim dəyişikliyi”ni fakt kimi təqdim etsə də, alternativ idarəetmə modeli və ya hakimiyyət keçidinin necə baş verəcəyi ilə bağlı konkret detalları açıqlamayıb. O, mesajında “kim bilir?” ifadəsi ilə qeyri-müəyyənliyə işarə edib və çıxışını “Tanrı böyük İran xalqını qorusun” sözləri ilə yekunlaşdırıb.
Beynəlxalq ekspertlər bu açıqlamaların genişmiqyaslı hərbi əməliyyatların başlanğıcı və ya İran daxilində qəfil siyasi dəyişikliklərin siqnalı ola biləcəyini bildirir.