Məlumatlara görə, İran ABŞ-la müharibənin sonlandırılması üçün aparılan danışıqların gerçəkliyinə şübhə edir və prosesi ehtiyatla izləyir.
ArazNews-in Jerusalem Post-a istinadən verdiyi xəbərə görə, mənbələr bildirir ki, İran ABŞ-ın niyyətlərinə qarşı bədbindir və bu danışıqlara etimadsız yanaşır.
Hesabatda qeyd olunur ki, keçmiş danışıqların hərbi qarşıdurma ilə nəticələnməsi bəzi İran rəsmilərinin Vaşinqtona olan inamını zəiflədib.
Eyni zamanda bildirilir ki, ABŞ İranı inandırmaq üçün danışıqların səviyyəsini yüksəldib və vitse-prezident də bu prosesə cəlb olunub.
Məlumata görə, ABŞ-ın təklifinə nüvə proqramının tam dayandırılması, raket imkanlarının məhdudlaşdırılması və proksi qüvvələrə dəstəyin kəsilməsi daxildir. İran isə qarşılığında sanksiyaların ləğvi, təhlükəsizlik zəmanətləri və müharibə zərərlərinin kompensasiyasını tələb edir.
Təmasların davam etməsinə baxmayaraq, mənbələr bildirir ki, əsas fikir ayrılıqları səbəbindən razılaşmanın əldə olunması hələ də qeyri-müəyyəndir.