Rus mediası Azərbaycanı İranla müharibəyə cəlb etmə ssenarisini gündəmə gətirdi

1 saat əvvəl 2 dəq oxu
 Rus mediası Azərbaycanı İranla müharibəyə cəlb etmə ssenarisini gündəmə gətirdi


Rusiyanın “Svobodnaya Pressa” nəşri yayımladığı hesabatda iddia edib ki, ABŞ və İsrail İrana qarşı mümkün quru əməliyyatı çərçivəsində qüvvələrin daşınması üçün Azərbaycan ərazisindən istifadə edə bilər və belə bir ssenari baş verərsə, İran Azərbaycanı önləyici zərbələrlə hədəf ala bilər. Hesabatda Azərbaycan şimaldan İrana daxil olmaq üçün iki əsas quru marşrutdan biri kimi göstərilir.

ArazNews-in Yeni Müsavata istinadən verdiyi məlumata görə, rus nəşri ABŞ ordusunun keçmiş zabitinə istinadla iddia edir ki, Vaşinqton qısa müddətdə Azərbaycan ərazisində hava infrastrukturu yarada və İran-Azərbaycan sərhədindən logistik dəstək üçün istifadə edə bilər. Hesabatda həmçinin Bakı ilə Vaşinqton və Təl-Əviv arasındakı münasibətlərə toxunularaq iddia olunur ki, Donald Tramp və Benyamin Netanyahu İlham Əliyevə təzyiq edərək onu daha fəal rol almağa sövq edə bilər.


Yeni Müsavat isə yekununda qeyd edir ki, bu iddialar reallıqdan çox informasiya manipulyasiyası və Tehran ilə Bakı arasında etimadsızlıq yaratmağa yönəlmiş psixoloji əməliyyat xarakteri daşıyır.


Azərbaycan ilə Türkiyə arasında yaxın əməkdaşlıq, eləcə də regionda müharibənin başa çatması və Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlaması fonunda Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəiflədiyi qeyd olunur. Bildirilir ki, bu kimi ssenarilər Moskvanın bölgədə nüfuzunu bərpa etmək cəhdləri ilə bağlıdır və bu yanaşma İran daxilindəki bəzi radikal dairələrin mövqeyi ilə də üst-üstə düşür. Bu çərçivədə 4 mart tarixində Naxçıvana edilən PUA hücumuna da işarə edilir.