The Hill: Azərbaycan ABŞ-ın İranı məhdudlaşdırmaq strategiyasında əsas rol alır
ABŞ-ın The Hill nəşrində yayımlanan analitik hesabat göstərir ki, Vaşinqton Qafqaz regionunda İran və Rusiyanın təsirini zəiflətmək üçün Azərbaycan Respublikasının rolunu yenidən müəyyənləşdirir.
ArazNews-un məlumatına görə, The Hill-ə istinadən, bu təhlildə vurğulanır ki, ABŞ ilə Azərbaycanın əməkdaşlığının genişlənməsi Tehran və Moskvanın geosiyasi mövqelərinin zəifləməsinə səbəb ola bilər. Bu çərçivədə Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də Qafqazda güc balansını dəyişdirə biləcək strateji platforma kimi təqdim olunur.
Hesabatda İran rejimi ilə Azərbaycan arasında son gərginliklərə, o cümlədən pilotsuz aparat hücumları iddialarına və SEPAH-la əlaqəli şəxslərin saxlanılmasına da toxunulur və bu hadisələr daha geniş regional rəqabət kontekstində təhlil edilir. Eyni zamanda qeyd olunur ki, ABŞ-ın dəstəklədiyi yeni tranzit layihələri İran və Rusiyanı kənarlaşdırmaq məqsədi daşıyır.
Hesabat həmçinin ABŞ-da Azərbaycana qarşı tətbiq olunan məhdudiyyətlərin, o cümlədən 907-ci düzəlişin ləğvini təklif edir və bunu Vaşinqtonun regiondakı maraqları üçün maneə kimi qiymətləndirir.