Sepah çevrilişi ilə bağlı yeni ifşa

1 saat əvvəl 2 dəq oxu
Sepah çevrilişi ilə bağlı yeni ifşa


ArazNews-un SehamNews-a istinadən verdiyi məlumata görə, Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Möhsün Qomi yayımladığı bəyanatda İranın üçüncü liderinin seçilməsi prosesinin detalları barədə danışıb. O bildirib ki, üzvlərin ilkin təkliflərinə çıxış mümkün olmadıqdan sonra məclisin rəsmi iclası bazar günü Sepahın “tədbirləri” ilə təşkil olunub. Qominin sözlərinə görə, 84 üzvdən yalnız 59-u iclasda iştirak edib, 25 nəfər isə iştirak etməyib.

Qomi qeyd edib ki, Ekspertlər Məclisi üzvlərinin fikirlərini toplamaq üçün ilk cəhd nəticəsiz qalıb. Bundan sonra çərşənbə axşamı günortadan sonra Qum şəhərində məclis binasında baş verən partlayış nəticəsində bir neçə nəfər, o cümlədən höccətülislam Samei öldürülüb. Onun sözlərinə görə, məhz həmin şəxs üzvlərin baxışları və qeydlərinin bir hissəsini saxlayırdı. Qomi əlavə edib ki, liderin seçilməsi üzrə yekun iclas Sepahın əməkdaşlığı və təhlükəsizlik şərtləri altında keçirilib.


Bəyanatın başqa bir hissəsində Qomi iddia edib ki, yeni liderin tələsik seçilməsi Müvəqqəti Rəhbərlik Şurası ilə Sepah arasında yaranan fikir ayrılıqlarından sonra baş verib. Onun Sepahın iclasın keçirilməsində rolunu açıq şəkildə qeyd etməsi, İran hakimiyyətində hərbi-təhlükəsizlik qurumlarının bu həssas qərarda oynadığı rolu yenidən gündəmə gətirib.


Bu açıqlamalar Ekspertlər Məclisinin Sepahdan nə dərəcədə müstəqil olduğu və İran hakimiyyətində qərarların əslində necə qəbul edildiyi barədə yeni suallar doğurur. Konstitusiyaya görə lideri seçmək səlahiyyəti bu məclisə məxsus olsa da, Qominin sözlərindən belə görünür ki, taleyüklü iclas böhranlı və təhlükəsizlik mühitində, Sepahın birbaşa təsiri ilə baş tutub.