İsrail ordusu: Tehranda İranın nüvə proqramı ilə bağlı “Taleqan” obyekti vurulub
İsrail ordusu bildirib ki, Tehranda İranın nüvə silah proqramının inkişafı ilə əlaqəli olduğu iddia edilən bir mərkəzi obyekt hava zərbəsi ilə hədəf alınıb.
ArazNews-un məlumatına görə, yayılan açıqlamada bu obyektin “Taleqan” adı ilə tanındığı və İranın nüvə proqramı çərçivəsində istifadə edildiyi bildirilib.
İsrail həmçinin bildirib ki, bu obyekt daha əvvəl 2024-cü ilin oktyabrında da hədəf alınmışdı. Açıqlamada qeyd olunur ki, həmin hücumdan sonra İran bu mərkəzi yenidən bərpa etməyə çalışdığı üçün obyekt yenidən vurulub.
İsrail ordusunun məlumatına görə, bu hücum “Şirlərin sübhü” adlı əməliyyat çərçivəsində həyata keçirilib.
İsrail tərəfi həmçinin iddia edib ki, bu əməliyyat zamanı İranın nüvə proqramı ilə əlaqəli bir neçə mərkəz də hədəf alınıb və məqsəd İsrailə qarşı “mövcudluq təhlükəsi” kimi qiymətləndirilən imkanları aradan qaldırmaqdır.