İranla sərhəddə Azərbaycan ordusunun hazırlıq vəziyyətinə gətirildiyi bildirilir
İranda davam edən qarşıdurmalar fonunda Azərbaycan Respublikasının İranla sərhəd bölgələrinə hərbi qüvvələrin göndərildiyi barədə məlumatlar yayılıb.
Müstəqil “Qazetchi” mediası öz mənbələrinə istinadən bildirib ki, ölkənin hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib və cənub sərhədlərinə yerləşdirilib.
Məlumata görə, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tam hazırlıq vəziyyətinə keçirilib. Eyni zamanda əsgər, gizir və zabitlərin məzuniyyətləri ləğv edilib, məzuniyyətdə olan hərbçilər xidmət yerlərinə geri çağırılıb. Mənbələr sərhəd xətti boyunca PUA və aşağı hündürlükdə uçan aparatlara qarşı müdafiə sistemlərinin yerləşdirildiyini də bildirir.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları hələlik nə təsdiqləyib, nə də təkzib edib və mediaya rəsmi açıqlama verilməyib.