Məlumatlı mənbələr İranın qərb sərhəd bölgələrində hərbi hərəkətliliyin artdığını bildirir və bəzi şəhərlərə silahlı kürd qüvvələrinin daxil olma ehtimalının müzakirə olunduğunu qeyd edir. Bu xəbərlər daha əvvəl İsrail ordusunun sözçüsünün İranın qərb bölgələrində, o cümlədən SEPAH qüvvələrinə zərbələr endirildiyini açıqlamasından sonra yayılıb.
ArazNews-un məlumatına görə, müşahidəçilər bu hərəkətliliyin əsasən Kürdüstan, Kirmanşah, İlam və Xuzistan vilayətlərinin sərhəd şəhərlərinə yönəldiyini bildirir. Son hücumların güclənməsi fonunda ölkənin qərbində sahə balansının dəyişməsi barədə ehtimallar da səsləndirilir.
Eyni zamanda azərbaycanlı fəallar silahlı qrupların Qərbi Azərbaycan şəhərlərinə daxil olma ehtimalı barədə xəbərdarlıq edib. Bölgə sakinlərinə yaşayış yerlərini tərk etməmək və xəbərləri yalnız etibarlı mənbələrdən izləmək tövsiyə olunub.