Türkiyə təhlükəsizlik eksperti Abdullah Ağar: İranda türklərin təhlükəsizliyinə təhdid Türkiyəni müdaxiləyə məcbur edə bilər

3 saat əvvəl 1 dəq oxu
 Türkiyə təhlükəsizlik eksperti Abdullah Ağar: İranda türklərin təhlükəsizliyinə təhdid Türkiyəni müdaxiləyə məcbur edə bilər


Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar televiziya çıxışında İranda mümkün siyasi böhran və hakimiyyət strukturunun zəifləməsinin regional təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyini bildirib. O vurğulayıb ki, İranın ərazi bütövlüyünə və dövlət idarəçiliyinə yönələcək hər hansı ciddi zərbə ölkədə yaşayan türklər üçün birbaşa təhlükəsizlik riskləri yarada bilər.

Ağar Güney Azərbaycan, Xorasan türkləri və Qaşqay bölgələrinə diqqət çəkərək qeyd edib ki, mümkün hakimiyyət boşluğu və daxili qarşıdurma bu ərazilərdə “təhlükəsizlik boşluğu” yarada bilər. Onun sözlərinə görə, belə bir vəziyyət həmin toplumların fiziki təhlükəsizliyinə və sosial sabitliyinə birbaşa təsir göstərə bilər və bölgədə yeni risklər formalaşdıra bilər.

Ekspert bildirib ki, Türkiyə indiyədək İranın ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirib. Lakin proseslər Türkiyənin sərhəd təhlükəsizliyinə və regiondakı türklərin təhlükəsizliyinə birbaşa təhdid yaradacaq mərhələyə çatarsa, Ankara “ən həssas nöqtədə” müdaxilə etmək məcburiyyətində qala bilər.

Ağar əlavə edib ki, genişmiqyaslı qeyri-sabitlik separatçı qrupların və silahlı strukturların fəaliyyətini genişləndirə bilər. Onun fikrincə, Türkiyə sərhədləri yaxınlığında nəzarətdən kənar bölgələrin yaranması həm Güney Azərbaycan türkləri üçün ciddi risklər yarada, həm də regionda siyasi qeyri-müəyyənliyi artıraraq təhlükəsizlik balansını poza bilər.

Ekspert sonda vurğulayıb ki, İranda yaşayan türklərin təhlükəsizliyi yalnız azlıq hüquqları məsələsi deyil, həm də Türkiyənin milli təhlükəsizliyi ilə birbaşa bağlı geosiyasi məsələdir və mümkün proseslər domino effekti yarada bilər.