Pəhləvi lobisi Quzey Azərbaycanda nəyin arxasıncadır?

1 saat əvvəl 4 dəq oxu ArazNews redaksiyasının mövqeyi
Pəhləvi lobisi Quzey Azərbaycanda nəyin arxasıncadır?


İranın son dərəcə həssas və həyati şərtlər içində olduğu, təbii olaraq Güney Azərbaycanın müqəddəratı baxımından da olduqca həlledici günlərin qarşıda olduğu bir zamanda, keçmiş şahın oğlu Rza Pəhləvinin başında durduğu “səltənətçi” qüvvələrin Azərbaycan üzərində xüsusi hesablar apardığı aydın görünür. Çünki hamı kimi onlar da çox yaxşı bilirlər ki, İranda xüsusilə Güney Azərbaycan və ümumilikdə Türk əhalisinin dəstəyi olmadan heç bir hərəkat uğur qazana bilməz.

Bu səbəbdən başqa bütün qüvvələr kimi onlar da Azərbaycanın “açarını” ələ keçirməyə çalışırlar.

Lakin Pəhləvilərin Azərbaycanla bağlı keçmişi o qədər qara, bu günləri isə o qədər inandırıcılıqdan uzaqdır ki, Güney Azərbaycan ictimaiyyətində özlərinə yer aça bilməyəcəklərini ən yaxşı elə özləri bilirlər. Buna görə də, necə deyərlər, qapıdan girə bilmədikləri yerə pəncərədən girməyə çalışırlar. Bütün saxtakarlıqlara və hoqqabazlıqlara baxmayaraq Güney Azərbaycanda yalnız nifrətlə qarşılanan Pəhləvilər, Quzey Azərbaycanda lobbi fəaliyyəti həyata keçirərək, oranın mediası vasitəsilə Azərbaycan ictimai rəyinə təsir etməyə və özlərinə yer açmağa çalışırlar.

Təbii ki, Pəhləvi lobisinin çox pulu var. Çünki Məhəmməd Rza Pəhləvi və digər səltənət tərəfdarlarının İran xalqlarının sərvətindən oğurlayıb apardıqları pullar bu gün Qərb banklarında milyardlarla dollar həcmindədir. Amma bu pullar onların qara keçmişini yumağa kifayət etmir.

Gəlin, fars millətçiliyinin qalası və simvolu olan Pəhləvilərin Azərbaycana münasibətinə qısa nəzər salaq və görək, bu münasibəti həqiqətən də görməzdən gəlmək olarmı?

Birinci Pəhləvi – Rza xan (savadsız sıravi bir əsgər ikən ingilislər tərəfindən şah edilən şəxs) hakimiyyətə gələn kimi ilk işi Türk dilini tamamilə qadağan etmək və məktəblərdə Türk dilində danışanları cəzalandırmaq oldu. Onun dövründə Türk dili və mədəniyyəti bütün ictimai-siyasi sahələrdən silinməyə çalışıldı. Qatı fars millətçisi olan Rza xanın Azərbaycana və Türklərin dövlətçilik keçmişinə olan nifrəti o qədər böyük idi ki, Azərbaycanda, Tehranda və İranın müxtəlif bölgələrində Türk dövlətlərinə aid çox sayda tarixi bina və abidə dağıdılıb məhv edildi. Başda Təbriz olmaqla Azərbaycanın tarixi mirası elə bir zərbə aldı ki, Talibanın Əfqanıstanda, İŞİD-in Suriyada etdikləri onun tozuna belə çatmaz. Rza xanın dövründə Azərbaycanın siyasi, iqtisadi və mədəni gücü tamamilə qırıldı və Azərbaycan hər mənada ölkənin alt pillələrinə salındı.

İkinci Pəhləvi – Məhəmməd Rza atasının yolunu davam etdirdi. Lakin onun dövrünün ən yadda qalan hadisəsi 21 Azər qırğını oldu. 1946-cı ilin 21 Azərində (12 Dekabr) Güney Azərbaycanda elə bir qırğın törədildi ki, Azərbaycan onillərlə belini doğrulda bilmədi. Öz qəzetlərinin yazdığına görə, Pəhləvi rejimi 1946-cı ildə Güney Azərbaycanda 20 min insanı qətlə yetirdi, on minlərlə insan isə sürgün edildi.

1979-cu ildə İranda İslam rejimi hakimiyyətə gəldiyi zaman isə Azərbaycanla bağlı heç nə dəyişmədi. İslam rejimi Pəhləvilərin açdığı yolla irəlilədi.

Bu gün də səltənətçilər və Pəhləvi ailəsi fars millətçiliyinin simvolu və təmsilçisi sayılır. Onlara görə İranda tək millət, tək dil, tək bayraq və tək dövlət var. İranın yeganə dili fars dilidir. Azərbaycan adlı bir vətən, millət, kimlik və dövlət yoxdur. Onlara görə bu fikirləri səsləndirənlər ancaq “başı əzilməli pantürkistlər”dir. Bu müddəalar Rza Pəhləvinin təqdim etdiyi “keçid dövrü sənədi”ndə açıq şəkildə yer alır. Həmin sənədə görə İran krallıq ordusunun əsas vəzifəsi İran millətini bölməyə çalışan separatçıları, o cümlədən pantürkistləri məhv etməkdir.

Və hər kəs bilir ki, Qarabağ savaşında da onlar bütün gücləri ilə eyni kökdən olduqları! erməniləri, onlara görə İranın ərazi bütövlüyünü təhdid edən “saxta Bakı Cümhuriyyəti”nə qarşı müdafiə etdilər. O dönəmdə şahçı media anti-Azərbaycan yayınlarla doldu daşdı. Onlar bu mövzuda İran İslam Cümhuriyyəti rejimini belə geridə buraxdılar. 

Bu gün Bakıda biznes quran varlı Pəhləvi lobisi çalışır ki, Quzey Azərbaycanın bəzi media orqanları vasitəsilə “qurdu quzu dərisində” evin içinə buraxsın. Bunu Təbrizdə edə bilməyəcəyini bildiyi üçün Bakıda etməyə çalışır.

Amma bilinməlidir ki, Azərbaycan Türk milləti nə qədər İran İslam rejimindən nifrət edirsə, bir o qədər də Pəhləvilərdən nifrət edir. Çünki Azərbaycanın başına gələn bütün bəlaların təməlini Pəhləvilər qoyub, İslam rejimi isə onların açdığı yolla gedib. Millətimiz keçmişi unutmayıb və bu günü görür.

Pəhləvi lobisi öz işini görür, amma Quzeyli bacı-qardaşlarımız bu təxribat toruna düşməməlidir.