Dolların qiyməti təxminən 285 min tümənə yüksəlib, rialın dəyəri isə düşməkdə davam edir. Bu fonda hökumət mediası qonşu ölkələrdən birindən İrana «böyük» həcmdə dollar əskinası partiyasının gətirildiyini xəbər verib. Bununla belə, nə gətirilən valyutanın miqdarı, nə onun gətirildiyi ölkə, nə də partiyanın İrana daxil olmasının dəqiq vaxtı açıqlanıb.
Fars agentliyinin məlumatına görə, bu partiya valyuta təklifini artırmaq və bazardakı dalğalanmaları nəzarətə almaq məqsədilə İrana gətirilib. Mərkəzi Bankın sədri daha əvvəl valyuta təklifinin yuxarı həddinin 2 milyard dollardan 3 milyard dollara qaldırıldığını bildirmişdi. Hökumət mediasının iddiasına görə, Mərkəzi Bankın valyuta ehtiyatları qənaətbəxş vəziyyətdədir. Bu mediaya görə, dollar əskinaslarının bazara buraxılması tələbatı azalda və valyuta məzənnəsini aşağı sala bilər.
Bu xəbər İranın sərbəst bazarında dolların yeni rekordlar qırdığı vaxtda yayılıb. Eyni zamanda ABŞ-ın iqtisadi sanksiyaları İslam Respublikasının valyuta mənbələrinə təzyiqi artırıb. Böyük həcmdə dollar partiyasının gətirildiyi iddia edilsə də, partiyanın dəyəri və ya bazara buraxılacaq valyutanın həcmi barədə heç bir konkret rəqəm açıqlanmayıb. Buna görə də bu addımın dolların qiymətinə necə təsir göstərəcəyi hələlik bəlli deyil. Mərkəzi Bankın milli valyutanın dəyərsizləşməsini cilovlaya bilib-bilməyəcəyi də aydın deyil.