İran Meteorologiya Təşkilatı noyabrın 23-də, bazar ertəsi ölkənin şimal bölgələrində, xüsusilə Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbildə yağış yağacağı, güclü külək əsəcəyi və havanın soyuyacağı barədə xəbər verib.
Meteorologiya Təşkilatının məlumatına görə, Azərbaycan və Xəzər dənizi sahillərindən əlavə, Şimali Xorasanda, Rəzəvi Xorasanın şimalında və Əlborz dağlarının cənub ətəklərində də buludluluğun artması, yağıntı və güclü külək proqnozlaşdırılır. Yüksək dağlıq və soyuq ərazilərdə qar yağması və şimşək çaxması ehtimalı da var.
Meteorologiya Təşkilatı Qərbi Azərbaycanın şimalı, Şərqi Azərbaycan və Ərdəbilin bəzi hissələri üçün narıncı xəbərdarlıq verib. Bu xəbərdarlıq yağıntıların güclənməsi, güclü külək, havanın soyuması və yollarda nəqliyyatın hərəkətinin pozulması ehtimalı ilə əlaqədar elan olunub.