Google «Adəm və Həvva» adlı tanışlıq və evlilik tətbiqini Google Play-dən silib. Bu platforma İslam Respublikasının icazəsi ilə fəaliyyət göstərirdi. Tətbiqdə 13-17 yaşlı qızların profilləri hətta qeydiyyatdan keçmədən də görünürdü. Meta da uşaq nikahlarını təbliğ edən linkləri öz platformalarından yığışdırıb.
HRANA-nın məlumatına görə, bu tətbiq «İmam Rzaçılar Cəmiyyəti»nin layihələrindən biridir. SEPAH-ın keçmiş komandiri Hüseyn Yekta bu qurumun yaradılmasında rol oynayıb. İnsan haqları fəalları qurumun Astane-Qudse-Rəzəvi ilə təşkilati bağlılığının olduğunu da bildiriblər.
24 insan haqları və vətəndaş cəmiyyəti təşkilatı oktyabrın 9-da tətbiqin silinməsi tələbi ilə birgə etiraz edib. Həmin günə qədər tətbiq 100 mindən çox dəfə yüklənmişdi. IranWire xəbər verib ki, oktyabrın 13-nə qədər bu qurumun saytında hələ də 15-17 yaşlı qızlara aid 46 profil görünürdü.
İslam Respublikasının Mülki Məcəlləsi qızların 13 yaşından nikaha daxil olmasına icazə verir. Bu yaşdan əvvəl də qəyyumun icazəsi və məhkəmənin təsdiqi ilə nikah mümkündür.