Tankerləri izləyən «TankerTrackers» şirkəti İranın müsadirə olunmuş, təxminən 600 milyon dollar dəyərində 6 milyona yaxın barel xam neftinin Atlantik okeanını keçərək ABŞ-a doğru hərəkət etdiyini açıqlayıb. Şirkət tankerlərin sayı və ya bütün yüklərin son təyinat məntəqəsi barədə əlavə təfərrüat yaymayıb.
«The Washington Post»un məlumatına görə, bu yüklərin bir hissəsi daha əvvəl ABŞ-ın dəniz əməliyyatlarında saxlanılmış tankerlərlə daşınır. Onlardan biri ABŞ-ın aprel ayında Hind okeanında saxladığı «Majestic X» tankeridir. ABŞ rəsmiləri onu İran neftini daşıyan, sanksiyaya məruz qalmış və bayraqsız gəmi kimi təqdim ediblər.
«Amerikanın Səsi» daha əvvəl «Majestic X» tankerinin təxminən 200 milyon dollar dəyərində 1,88 milyon barelə yaxın neft daşıdığını və aylarla dayandıqdan sonra istiqamətini Texasdakı Qalveston limanına dəyişdiyini xəbər vermişdi. «Kpler» və «ShipNext» məlumatları da tankerin qeydə alınmış təyinat məntəqəsinin Texas olduğunu göstərib.
Dəniz izləmə sistemlərinin yeni məlumatları da «Majestic X» tankerini Cənubi Atlantik okeanında, Qalveston istiqamətində göstərir, lakin dəniz izləmə sistemlərinin məlumatları gecikmə və ya fasilələrlə müşayiət oluna bilər.
Hələlik ümumilikdə 6 milyon barel neftin daşınması iddiasının təfərrüatları ABŞ rəsmiləri tərəfindən ictimaiyyətə açıqlanmayıb.