Karun İnsan Haqları Təşkilatının yaydığı son məlumata görə, İran ilə ABŞ və İsrail arasındakı 40 günlük müharibə və ardınca baş verən kütləvi tutulmalar nəticəsində, Əhvazın Şeyban həbsxanasında 600-dən çox siyasi və əqidə məhbusu ağır şəraitdə saxlanılır.
Karun İnsan Haqları Təşkilatının açıqlamasına görə, hazırda Şeyban həbsxanasının 8-ci bəndində 185 nəfər, 5-ci bəndində 120 nəfər və karantin bölməsində 310-dan çox insan saxlanılır. 2 min nəfər tutumu olan Əhvaz (Şeyban) həbsxanasında hazırda 4 mindən çox məhbusun olması, böhranlı vəziyyətin və ağır hüquq pozuntularının göstəricisidir.
Tutulanların əhəmiyyətli hissəsi gənclərdir
Tutulmaların əksəriyyətinin Əhvaz, Fəlahiyyə (Şadəqan), İzəc (İzə), Bəhbəhan və Məscidsüleyman şəhərlərində aparıldığı bildirilir. Tutulanların əksəriyyəti 18 ilə 25 yaş arası gənclərdir. Bu vəziyyət gənc nəslin gələcəyi və bölgədəki ictimai-təhlükəsizlik nəticələri baxımından dərin narahatlıqlara səbəb olub.
Vəkilsiz və "ölüm hakimi" tərəfindən kütləvi məhkəmələr;
Məlumatlara görə, tutulanların əksəriyyəti qanuni müdafiə və vəkil tutmaq hüququndan tamamilə məhrum edilib. Məhkəmə iclasları həbsxananın içərisində, videokonfrans vasitəsilə və qrup halında (kütləvi) keçirilir.
Məhkəmələrin böyük bir qismi, Əhvaz İnqilab Məhkəməsinin 1-ci şöbə sədri və "ölüm hakimi" kimi tanınan "Ehsan Ədibimehr" tərəfindən aparılır.
Ağır ittihamlar və böyük cəzalar;
Məhbuslara "milli təhlükəsizliyə qarşı fəaliyyət", "İsrail və Mossad üçün casusluq", "rejimə qarşı təbliğat" və "müxalif qruplara üzv olmaq və ya əlaqədə olmaq" kimi ağır ittihamlar irəli sürülüb. Bəzi məhbuslar üçün 20 il 1 gün, 15 il 1 gün, 10 il 1 gün, 7 il 1 gün və 5 il 1 gün həbs cəzaları verilib. Bu ittihamların və işlərin heç bir şəffaf sübutu yoxdur.