ABŞ prezidenti Tramp məxfilik qrifindən çıxarılmış sənədlər əsasında Çinin 2020-ci il seçkiləri zamanı milyonlarla amerikalı seçicinin məlumatlarına daxil olduğunu və seçki verilənlər bazasına ən böyük nüfuz hallarından birini həyata keçirdiyini iddia edib.
Tramp həmçinin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin araşdırmasının federal seçkilərin seçici siyahılarında ABŞ vətəndaşlığı olmayan təxminən 278 min şəxsin adını aşkar etdiyini açıqlayıb. Ağ Ev bu iddiaları «seçki təhlükəsizliyi» ilə bağlı yeni yaradılmış bir səhifədə dərc edib.
Bununla belə, ABŞ kəşfiyyat icmasının 2021-ci il hesabatı fərqli nəticəyə gəlmişdi: Çin 2020-ci il seçkilərinə təsir göstərməyə yönəlik əməliyyatın icrasını nəzərdən keçirib, lakin bunu həyata keçirməkdən imtina edib; əldə edilmiş məlumatlar isə səslərin dəyişdirilməsinə xidmət etməyib. İndiyədək heç bir xarici gücün səs sayımını dəyişdirdiyinə dair etibarlı sübut təqdim edilməyib.
Tramp bu iddialara istinad edərək Konqresdən seçicilərin vətəndaşlıq statusunun və şəxsiyyətinin yoxlanılması ilə bağlı daha sərt qanunlar qəbul etməsini tələb edib.