Qrossi: İranla razılaşma ciddi yoxlama mexanizmləri tələb edir
Qrossi vurğulayıb ki, dəqiq nəzarət olmadan real razılaşma mümkün deyil.
ArazNews-un Associated Press-ə istinadən verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İran və ABŞ arasında mümkün razılaşma İranın nüvə proqramının yoxlanması üçün “çox dəqiq” mexanizmləri əhatə etməlidir.
O qeyd edib ki, İranın nüvə proqramının genişliyi nəzərə alındıqda, agentlik müfəttişlərinin fəaliyyətlərə nəzarət üçün iştirakı zəruridir və bu nəzarət olmadan “real razılaşma yaranmayacaq, yalnız razılaşma illüziyası formalaşacaq”.
Bu açıqlamalar Donald Trampın yaxın günlərdə İranla danışıqların ikinci mərhələsinin keçirilə biləcəyini deməsindən sonra səsləndirilib.
Əvvəlki məlumatlara görə, İran ABŞ və İsrailin bəzi nüvə obyektlərinə hücumlarından sonra agentlik müfəttişlərinə bu mərkəzlərə giriş icazəsi verməyib.