İran İslam Respublikası Azərbaycana pilotsuz aparat hücumunu təkzib etdi
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı bəyanatda İran ərazisindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı xəbərləri təkzib edib.
Bəyanatda bildirilib ki, İran bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmət edir və belə bir addım atmayıb. Baş Qərargah həmçinin iddia edib ki, bu cür hadisələr daha əvvəl də “sionist rejim” tərəfindən müsəlman ölkələri arasında münasibətləri pozmaq məqsədilə həyata keçirilib və hazırkı iddialar da İranı günahlandırmaq üçün hazırlanmış ola bilər.
Bu təkzib açıqlaması Azərbaycan rəsmilərinin daha əvvəl İran ərazisindən Naxçıvana pilotsuz aparatların buraxıldığını və hətta bu aparatların növü ilə texniki xüsusiyyətlərinin müəyyən edildiyini bildirməsindən sonra yayımlanıb.