Donald Tramp İran rejimi ilə danışıqları “konstruktiv” adlandırıb və Vaşinqtonun razılaşmaya çatmaq üçün tələsmədiyini bildirib. Onun sözlərinə görə, “zaman Amerikanın xeyrinə işləyir.”
Tramp Truth Social-da yazıb ki, ABŞ-ın İrana qarşı dəniz blokadası razılaşma əldə olunana, təsdiqlənənə və imzalanana qədər tam şəkildə davam edəcək.
O həmçinin iddia edib ki, İranla mümkün razılaşma Barak Obama dövründəki anlaşmadan tamamilə fərqli olacaq və vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonla Tehran arasında münasibətlər daha “peşəkar və konstruktiv” xarakter almağa başlayıb. Gözlənilməz açıqlamasında isə İran rejiminin gələcəkdə Abraham razılaşmalarına qoşula biləcəyini iddia edib.
Bu açıqlamalar tərəflərin savaşın bitməsi üçün ilkin razılaşmaya yaxınlaşdığı barədə xəbərlərin yayıldığı, amma nüvə dosyesi və yekun şərtlərlə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib.