Atom anlaşması sonrası İran və Güney Azərbaycan

Güney Azərbaycan milli hərəkətinin siyasi olaraq tanınmamasını yaradan nədənlər

Sorun(məsələ):
Mahiyyətcə daxili istemara(sömürgəçiliyə) qarşı olan Güney Azərbaycan nasyonalizmi-millətçiliyi illər öncədən İran daxili siyasətində güvənlik məsələləri içində yerləşib. Üstəlik son illərdə Güney Azərbaycan Milli Hərəkəti təkcə Azərbaycan deyil, İranın bütünlüyündə gedən hadisələrdə(olaylarda) belə, bir oyuncu olmaq potansiyelinə(yetənəyinə) yiyələnmişdir. Bütün siyasi-ictimai hərəkətlərdə olduğu kimi, bu pozisyona(qonuma) çatmaq , hərəkətin(devinimin) gücün göstərir və nəticə(sonuc) alacağında təsirlidir(etkilidir). Azərbaycanın quzey bölümü yəni quzey Azərbaycan öz istiqlalını aldıqdan sonra, bu hərəkətin, özəlliklə Elçibəyin təsiri nəticəsində, güney Azərbaycanda da milli məsələ güvənlik(əmniyyət) məsələsinə çevrilmişdir. kökünə baxıldıqda, güney Azərbaycanda milli məsələ, pəhləvi dönəminin istemarçı və şovonisti siyasətlərinə qarşı yaranmış və ilk dönə 1324-ci il Azərbaycan milli höküməti ilə nəticələnmişdir. Bu hökümət dağıdıldıqdan sonra, 1357-ci il inqilabında qıssa zamanlıq közərən bu məsələ, 1370-ci illərə qədər ədəbiyyatçılar, şairlər və yazıçılar arasında kültürəl(fərhəngi) don ilə sürmüş və quzey Azərbaycanın istiqlalından sonra Azərbaycan bölgəsində ictimai-əmniyyəti məsələ halına gəlmişdir. Öyrənci hərəkəti, qarabağın işğalına qarşı tərbiz və tehran biliyurdlarında(yüniversitələrində) etiraz,babək qalası toplantıları, muxtəlif seçkilər özəlliklə 1374-ci il terbizdəki məclis numayəndəliyi seçkisi bu məsələnin var olduğunun göstəricisiyidi. Ancaq Güney Azərbaycan Milli Hərəkətinin 1357-ci il inqilabından sonra ölkə səviyyəsində bir məsələ olaraq ortaya çıxması, bəlkə ilk dönə 1384-cü il prezidentlik seçkilərində göründü. Genel olaraq(umumi halda) prezident adaylarının(kandidalarının) ortaya qoyduğu məsələlər xalqın səsini(rəy-oy) qazanmaq üçün olursa da, başqa baxışla həmin məsələnin var olduğunu və yayqın olduğunu da ortaya qoyur. əyər bir istək xalq tərəfindən geniş səviyyədə istənilirsə və adaylar o istəyi dilə gətirməklə oy qazanmaq istəyirsə, həmin istəklə necə yanaşmaq söz qonusu olur və ona çözüm(həll edici yol) axtarılır , beləliklə də həmin istək hakimiyyət üçün məsələyə çevrilir. Bəllidir ki, bir istək çözülməsi gərəkən məsələyə çevrilməyincə, ona yol tapılması da imkansızdır(olanaqsızdır). Ancaq bu o demək deyil ki həmin istək hakimiyyət tərəfindən istənilən kimi veriləcək. Bir çox amillərin(etkənlərin) yanında, həmin istəyi ortaya qoyan ictimai hərəkətin gücü də bəlliedicidir. Hərəkətin gücü artdıqca, ortaya qoyduğu məsələnin necə çözülməsində rolu da çoxalır. Hərəkət- devinim özü məsələ üzrə oyuncu hala gəlir və onun hər hansı addımı və munasibəti(tutumu) daha artıq əhəmiyyət(önəm) daşıyır. Demək olar 1384-cü ildən buyana prezident seçimlərinin hamısında milli məsələ irəli sürülüb. Ancaq özəlliklə 1388-ci il yaşıl hərəkəti zamanı, milli hərəkət ölkə səviyyəsində bir qeyri-fəal ya oynamayan oyunçu kimi özünü göstərdi. Milli hərəkət həmin zamandan bu yana özəlliklə Tehran mərkəzli hərəkətlərə qatılmamış və sakit qalmışdır. Bu isə bütünlükdə güney Azərbaycanın sakit qalmasına gətirib çıxarmışdır. Yaşıl hərəkətin uğursuz qalmasının önəmli nədənlərinin(dəlillərindən) biri qeyri fars millətlərin özəlliklə güney azərbaycan türk millətinin bu devinimə qatılmaması olmuşdur. Bu olqu(fenomen-pədidə) bir yandan Azərbaycanda milli hərəkətin üstün cərəyan(axın) və hərəkət olduğunu göstərsə də, ancaq Açıqca desək milli hərəkətin bu tutumu(mozei) bir az qərarsızlıq boyası da almışdır. Bu qərarsızlıq və oynamamazlıq sonucunda(nəticəsində), milli hərəkət bir oyuncu olaraq olayları etkiləsə də(təsir etsə də), sonrakı illərdə həmin tutumun(munasibət) təkrar olması ara-sıra siyasi meydanı başqalarına boşaltmış və Azərbaycan bir çox olaylarda tamaşaçı qonumuna(moqeiyyətinə) gəlmişdir. Deməli qeyri fəal oyunculuğun sürməsi, milli hərəkəti ölkə səviyyəsində gedən olaylarda bir fəal tamaşaçıya çevirmiş olub. Son illərdə iqtisad kökənli ictimai etirazların çoxalması və bu hərəkətlərin çox qıssa zamanda siyası mahiyyət qazanması, milli hərəkətin isə sakit və ya qərarsız qalması , bu qonumu daha da bərkidib. Bu tutum milli hərəkəti bir çoxlarının baxışında özəlliklə kütlə(tudə- umum xalq) baxışında siyasilikdən çıxarıb sadəcə Azərbaycana məxsus olan ictimai bir hərəkətə çevirib. Bu yazıda, bu durumu yaradan nədənlər, onun sonucları və yeni dönəmdə – nüvə anlaşması(atom təvafuqu) sonrasında milli hərəkətin tutabiləcəyi yol haqda öz düşündüklərimi paylaşacam.


Nüvə anlaşmasının iran üçün başlıca sonucu
İran hakimiyyətinin uzun illər boyu davranışları subut edib ki, bu rejimin xarici siyasətdə vaz keçilməz prinsipi rejimin qorunmasıdır və “hefze nezam ocebe vacebat ast- rejimin qorunması vaciblərin vacibidir” tapşırığı bu prinsipin əsas təzahurudur. Nə ana yasada yazılmış müsəlmanlardan və məzlumlardan himayət maddəsi nədə hakimiyyətin hər hansı bir məqamının sözləri bu prinsipi pozabilməz. Usulgəra ya kanservativ cərəyanın(axının) zaman zaman xarici siyasətdə reformistlərə qarşı qullandıqları “ nüvə enerjisi bizim kəsin haqqımızdır” sloqanı da yanlız daxili riqabət oyunlarında anlaşabilər. Yoxsa əsas məsələ siz anlaşmayın biz anlaşaq məsələsidir. əyər Xatəmi dövründə nüvə anlaşmasının səbəbi dünya ilə müsbət(olumlu) ilişki yaratmaq və əhmədinejad zamanından başlayıb Ruhani zamanında nəticələnən anlaşmanın səbəbi xarici hərbi təhacumu(saldırını) önləmək(qabağın almaq) olmuşdusa, Rəisi dövrünün başlıca məsələsi iqtisadi böhran(bunalım) və onun dözülməz sonucu olan iqtisadı üsyanlardır. Hər halda ana ilkə birdir və rejimi qorumaq üçün , sözdə saziş və anlaşmaya qarşı olan usulgəralar da sazişə getdilər.
Son prezident seçkilərində öncədən hamıya bəlli olduğu kimi , hakimiyyətin bu dönə əsas məsələsi iqtisadi çöküşün qabağın almağıdı. Sanksiyalar(təhrimlər-yaptırımlar) daha üstü yazılı kağaz parçası deyildi. 1396, 1397 və 1398 ci illəri geniş ayaqlanmalar(etirazlar) göstərdi ki ayağa qalxmış narazı xalq, hər an hakimiyyətin qalasın yıxabilər və nə nizami(hərbi-silahlı) quvvələr nə atom quruluşları bu selin önün alanmaz. Hakimiyyətin üzə çıxmış araştırmalarına görə, ölkədə narazılığı törədən əsas və ortaq amil(etkən) iqtisadi narazılıqdır. Yoxsulluq xəttinin altına düşən aylələr ölkə əhalısınin ən azı üçdə birini aşıb. ət tükətimi yüzdə qırx düşüb, ağartı(ləbəniyyat) və meyvə məsrəfi(tükətimi) də habelə. əsas lazım olan qırx məhsulun qiyməti yüzdə yüz artıb. bu verilər hələ rəsmi mediyaya açıqca verilən bilgilərdir. Hakimiyyət dayrələri yaxşı bilir ki iqtisadi böhranı aşabilməsələr, rejimin qalmasına heç ümüd qalmayacaq. Bu böhranı aşmaq da sanksiyalar varkən imkansızdır(olanaqsızdır). İran hakimiyyəti elə bu hədəflə(amacla) muzakirələrə getdi və tüpürdüklərin yalamaqla da olursa bu muzakirələrdən sonuc almalıydı. Baxmayaraq ki iqtisadi və idari fəsad-karupsiya o qədər dərinləşib ki təhrimlərin(yaptırımların) götürülməsi, yalnız qıssa bir sürə rejim üçün nəfəs yolu olabilər. Özətcəsi(xulasəsi), nüvə anlaşmasının ən başlıca qazancı-gətirisi iran rejimi üçün iqtisadi çöküşü bir sürəlik ertələmək(yubatmaq) və onun həzinəsi(maliyıti-aparısı) də həm iran içində həmdə bölgədə rejimin iqtidarının aşağş düşməsi olacaq. Xalq açısından baxdıqda, iqtisadi narazılıq azacıqda olsa bir sürə yatışabilər(dinəbilər), ancaq hakimiyyətin özündən yaratdığı güclülük,qorxuncluq , dönməzlik və iqtidar artıq qabaqkı kimi olmayacaq.
Güney Azərbaycan milli hərəkətinin siyasi olaraq tanınmamasını yaradan nədənlər
Vurqulandığı kimi Güney Azərbaycan milli hərəkəti mahiyyətcə daxili sömürgəçiliyə(istemara) qarşı olan bir hərəkətdir. Bunu İran-Fars hakimiyyəti də yaxşı bilir və bizim bütün muhafizəkarlığımız da(tutuculuqluğumuz da) bunu etkiləyəbilmir(buna təsir etmir). Sömürgəçilik bir millətin başqa millətə hakimiyyəti deməkdir. Üstün millətin hakimiyyəti özünü dil, din, kültür,soy-nijad və ekonomik ayriseçkilikdə(təbiiz) göstərsə də, onun əsas özəyi siyasi üstünlükdür. Milli zülm-setəm, ırqçılıq-nejadpərəsti və etnik ayrıçkilik(təbize qomi) olaraq milli məsələni ortaya qoymaq, əslində əsas amil(etkən) deyil görüntüləri və məəlulları(edilləri) sorun olaraq göstərməkdir. Bu yanaşım isə, sonucda əsas məsələni yerində saxlayır. Sömürgəçilik(istemar) əslində siyasi məsələdir və bir millətin başqa millətə siyasi üstünlüyüdür. ona görə də, İstemara qarşı olan hərəkət də özlüyündə siyasi bir hərəkətdir. əlbəttə bir millətin siyasi hakimiyyəti, o millətdən olan insanların hakimiyyət dayrələrində olması mənasında(anlamında) deyil. əslində Məhkum millətə mənsub olan insanları hakimiyyət postlarına qoymaq, yeni istemarın qullandığı(istifadə etdiyi) metoddur. Bu yanaşma ilə, hakimiyyətdə neçə vəzirin türk olması və ya prezidentin və başqa məqamların türk olub olmaması Milli hərəkətin qonusu(məsələsi) deyil. Milli hərəkətin mahiyyətinə uyqun olaraq, onun əsas istəyi millət olaraq siyasi status qazanmaq və ya milli hakimiyyətdir. Milli hərəkətin çoxunluğu və özəlliklə onun seçkin(elit) və aparıcı quvvələri və təşkilatları bu məsələnin bilincindədilər və “azadlıq, ədalət , milli hökümət” sloqanı-şuarı habelə bir bayraq üzrə bir araya gəlmək bunun əsas göstəricisidir. Milli hərəkətin təkcə indiki ortaq siyasi şuarı deyil, onun hətta keçmişdə olan ixtilafları da milli hərəkətin mahiyyətini göstərirdi. İstiqlalçı və federalçı olaraq sürən neçə illik ixtilafın olması, göstərir ki , hər halda millətçilərin istəyi milli hakimiyyətdir və bu istək əlbəttə siyasi bir istəkdir. bütün bu ortaq alqılamalara qarşın, milli hərəkətin qeyri siyasi bir hərəkət kimi təsvir olunmasının nədənlərin, belə sıralamaq olar:


1- Nasyonalizmin genəl olaraq(umumi halda) bir yanının qeyri siyasi olması və bu yönün güney Azərbaycanda geniş yayılması:
Milli kimliyi və onun onsorlarını(öyələrini) sevib qorumaq, nasyonalizmin bir yanıdır. 90 ildən çox asimilasiyon siyasətlərinə məruz qalmış, əzilmiş və özündən özgələşmiş bir millətin arasında yaranmış güney Azərbaycan millətçiliyi, elə bu nöqtədən başlanıb. Biz hələ bimirdik bizim dilimizi də yazmaq olar, bizim də musiqimiz var, bizim də çox böyük tariximiz var, şəxsiyyətlərimiz və dərin kültürümüz var,…biz hakim millətin verdikləri hər nəyi qəbul etmişdik, onlara oxşamağa çalışırdıq, biz bilmirdik türk olduğumuzu və ya Azərbaycanlı olduğumuzu, biz uşaqlarımızı hakim millətin yüklədiyi dil ilə danışdırırdıq, biz Kuruşa, Daryuşa və İrane bastana(qədim irana) fəxr edirdik….
özünü hələ itirməmiş, qərizi(tutqusal) olaraq farsçılığın önündə dirənən insanlar, bu qonular haqda bilgi əldə etdikdə, yanqı ürəklərinə su tapar kimi, öz yanqılarını söndürür başqalarına da sunurdular(təqdim edirdilər). Ancaq bu ibtidayi(ilkəl) məsələlər çevrədəki insanlar üçün qeyri adi (olağandışı) görünür və bu fikirlərə qarşı muqavimət göstərirdilər. Beləcə, millətçiliyə başlamış hər kəs öz çevrəsin(ətraf mühitin) qandırmaq üçün mucadilə aparırdı, üstəlik hakimiyyət də bu ilkin istəklərə qarşı gəlirdi. Hakimiyyət Ana dildə ad qoymağa, türkcə toy və ya yas kartı yazmağa, milli şəxsiyyətlərimizi ağırlamağa və… ağır təpki göstərirdi. Birisi özünün haqqın qəbul etmədiyi halda, ondan o haq üçün mubarizə etməsini istəmək də yersizdir. Beləliklə milli oyanış adlandırdığımız bir sürəc(prosə) başladı və hakimiyyətin ilk səngəri(busqunu) buraxmadığı üçün, mucadilə elə ilkəl(ibtidayi) haqlarda qaldı. Uzun illər oyanış hərəkəti sürdüyü üçün, sayca türkçülüyü mənimsəyənlər çoxaldı, ancaq milli hərəkətin mahiyyəti(içəriyi), yalnız milli kimlik məsələsi olaraq tanımlandı. Millətçilər türk olduqlarına fəxr edən, fars danışmayan, tıraxtur həvəskarları və türk tarixin bilən… insanlar kimi təsvir olundular. Bu təsvir isə xalq üçün qeyri siyasi bir axın(cərəyan) anlamındayıdı.

2-muhafizəkarlıq(tutuculuq) və özünü sansür etmə
Ata-ana sözlərimizin dediyi kimi, ilan vuran ala çatıdan qorxar. Bizim millətimizin igidləri dönə dönə sancılıblar. Umum xalq tarixi olayları unutsa da, həmin olayların açdığı iz və təsir(etgi) uzun illər boyu qalır. Məsəllərə keçir, söyləmlərdə yer alır. Birdə ki, uduzan tərəf nə qədər qəhrəmanlıq göstərsə də, umum baxışda önəmli olan sonucdur. Umum millətə olan zülmə qarşı üsyan edən igidlərimiz, dönələrlə tutuqlanıb, işkəncə olub, asılıb, güllələnib, sürgün olub, qaçqın düşüb və …. onlar bəlli sonuc(nəticə) alanmadıqları üçün, qəhrəman kimi dəyərlənməyiblər, arxalarında dayanan olmayıb, aylələri çətinliyə düşüb və nəhayətdə özlərinin yapdığı iş-eyləm duyğusallıq, təcrübəsizlik və hətta məsuliyyətsizlik kimi irəli sürülüb. Onlar bədbəxt insanlar kimi unudulub və ya unutdurulub. Bugün Azərbaycan milli hökümətinin yolunu davam edən, şah rejiminə qarşı ilk çirik savaşı aparan və 1339-ci ildə güllələnən əyyub kəlantəri qurupunun və onların örgütünə mənsub olub ağır zindanlara məhkum olan igidlərimizi öz yerlərində belə tanıyan azdır. 32 il şah rejiminin zindanlarında dirənən milli hökümətimizin əsgərlərindən olan səfərxan qəhrəmaniyanı Əcəbşerdə belə gənc nəsl arasında tanıyan azdır. Onlar unudulub, ancaq hakimiyyətin onların simasında verdiyi dərs alınıb, dilimizə söyləmimizə keçib və biz ağıllı olmağı igid olmaqdan üstün bilmişik, ağıllı olmağı da muhafizəkarlıqda, özümüzü sansurda, siyasətə qarışmamaqda və öz mənfəətimizi hər şeyə üstün tutmaqda görmüşük. Bu bizim yaşadığımız sistemdir və bu sistem bizim hər nəyimizi etkiləyib(təsirləndirib). Biz millətçi olmuşuq, siyasi ideallarımız olub, ancaq muhafizəkarlıqdan vaz keçənməmişik. Biz özümüzü sansur edib, hədəflərimizi qeyri siyasi göstərməyə çalışmışıq. Sadə məntiq var burada, biz özümüzü qeyri siyasi tanıtdırdığımız halda, çevrənin(mühitin) bizi siyasi cərəyan olaraq tanıması olanaqsızdır.

3-mərkəzçi hərəkətlərin şovonisti siyasətlərinin etkisi(təsiri)
İran-fars nasyonalismi Pəhləvi dönəmindən bəri bütün imkanlarını qullanaraq ölkədə kök salıb(nəhadinə olub). Bu ölkədə sağçı, solçu, islamçı, islahatçı, usulgəra, demokrat, liberal üstəlik bəşər haqları üçün çalışan insanlıarda belə, farsçılıq-irançılıq fışqırır. Onlar İranı bölgədəki bütün ölkələrdən və farsı, ölkə və bölgədəki bütün millətlərdən üstün bilirlər. Onlar qədim iran haqda verilən yalançı bilgiləri mənimsəyib, İranı bölgədəki bütün millətlərin hakimi bilir, qonşu ölkələrin çoxunu əldən getmiş torpaqlar hesab edirlər, qədim İranın böyüklüyünə bayılıb və Kuruşun Daryuşun qanlı əllərində bəşər haqları axtarırlar. Onlar İranı əzəli və əbədi bir ölkə kimi görür və fars dilini bu məmləkətin fəxri və kimliyi kimi dəyərləndirirlər. Ona görə də hər hansı bir milli istəyin verilməsini, Fars dilini zəyiflətməsi və bu ölkənin parçalanması kimi görür və ona qarşı çıxırlar. Onlar qeyri fars millətlərin özəliklə türklərin müstəqil milli hərəkətlərini görməzdən gəlirlər, onların başladığı hərəkətlərə türklərin qoşulmalarını da öz hərəkətləri kimi mənimsəyirlər. əslində iranın umumiyyətinə ayid olan hər hansı hərəkət, fars millətinin qazancına olan bir örtükdür. Sol, sağ , islamçı, feminist, sinfi etirazlar və bəşər haqları kimi hərəkətlər hamısı bizi asimilə etməyə və farsların qulluğuna aparmağa yarayan bir çətirdilər(şəmsiyyə), türklər bu hərəkətlərin içində ya öz milli haqlarımıza göz yumub və farslardan daha bətər irançı-farsçı olurlar yada milli haqlarımızı savunub(mudafiə edib) pantürkist olaraq dışlanırlar. Bütün bu kimi təcrübələr(denəyimlər), milli hərəkəti farsların və mərkəzçi cərəyanların başında olduğu ya başlatdığı hərəkətlərə və çağrışlara qarşı ehtiyatlı (saqıncalı) edib. Güney Azərbaycan milli hərəkətinin etkin insanılar və təşkilatları bu hərəkətlərə qoşulmaqda, hər halda Azərbaycanı uduzmuş görürlər. Bir yandanda bu hərəkətlərə özəlliklə iqtisadi kökü olan etirazlara qarşı gəlməyi də düzgün addım bilmirlər və beləcə son illərin siyasi olaylarında tamaşaçı qonumunda olublar.

4- sömürgə psikolojiyası
Güney Azərbaycanın bir siyasi oyuncu olaraq tanınmamasının nədənlərindən biri də sömürgələşməkdir. İstemarın(sömürgə) bir millətə hakim olmaq üçün ən ilkin və önəmli silahı, o milləti aşağılayıb(təhqir edib) və özgüvəncin(etemad be nəfs) əlindən almaqdır. Özünə və öz varlıqlarına güvəncin itirən millət, hakim milləti hökümətə layıq bilir, hakim millətin dilin rəsmi olmağa layıq bilir və özünə məxsus milli dövlətin olmasın heç halda ağlına sığışdırabilmir, ağlına sığışdırabilmədiyi bir fikri hətta eşitmir də, eşitsə də ciddi tutmur, tez unudur. Özünə öz millətinə güvənməyən birisini qane etmək üçün verilən açıqlamalar və məntiqlər də işə yaramır, müvəqqəti qane olsa da aylar sonra həmin soruların(sualların) yenə təkrar edir. Bu insanlar özlərinə inamsızlığı onaylayan(təyid edən) hər hansı sözü məntiqindən asılı olmayaraq qəbul edir. Və beləcə milli hərəkətin siyasi hədəflərini eşitməyən birisi, Azərbaycani gələcək siyasi muadilələrdə(dənkləmlərdə) yerləştirənmir, onu siyasi hərəkət kimi görmür. Ancaq bir məsələdə var, əzilmiş millətdə hər hansı amil ilə özünə güvən yaranarsa, daha heç məntiq onu öz haqqından geri oturdanmaz.

5- bağlı və qapalı siyasi meydan və bastırmalar(sərkub-represiyalar)
iranın umumi siyasi şərayiti və yapısını(quruluşunu-saxtarını) nəzərdə alarsaq, milli hərəkətin çıxış yolu yalnız mədəni mubarizədir. Ancaq xalqın bir hissəsi, öz timlərini(takımlarını) rəsmi meydandan seçirlər. Rəsmi meydanda olmayanlar, onlar üçün yox sayılırlar. İranda bu rəsmi siyasi yarış meydanı isə hər kəs və hər qurup üçün açıq deyil. Bu meydanda kimin və hansı səviyyədə oynaması kontrol altındadır. Hökümətin bir parçası olan islahatçılar belə, bu meydana birinci seçənəkləri(option-qozinə) ilə girənmirlər. Azərbaycan milli hərəkəti üçün bugünə qədər heç bir partiyanın yaranmasına izin verilməyib, seçkilərdə Azərbaycanın milli siyasi istəklərini təmsil edən heç bir aday olmayıb. Bu meydanda bizim takımımız(timimiz) yoxdur ki, tərəfdarları-azarkeşləri də olsun. əlbəttə get gedə bu meydanın etkisi azalır və bu oyunların tamaşasına gedənlər də azalır. Siyasi meydanın qeyri rəsmi meydana(alana) çəkilməsin son illərdə daha açıq görmək olur və elə bu fürsəti iranın mərkəzçi opozisyonu qullanmaqdadır. Rəsmi meydanı Azərbaycan milli hərəkətinin siyasi numayəndəliyinə bağlayan hakimiyyət, qeyri rəsmi meydanda bu hərəkətlə dahada sərt(möhkəm) yanaşır. Bunun əsas nədəni budur ki, özəlliklə milli zülm olan ölkədə, Nasyonalizm ən çəkici ideolojilərdəndir və bu çəkiciliyi(cazibəni) hakimiyyət yaxşı başa düşüb, dönələrlə onun varlığın duyub. iran hakimiyyəti güney Azərbaycanın potansiyel cazibəsindən qorxduğuna görə, onu bütün vitrinlərdən silmək istəyib və bu siyasətin sürməkdədir. hakimiyyət güney Azərbaycanın milli siyasi istəklərinin xalq arasında tanınmasının qarşısın almaq yolunda, xaricdən yayılan mediyalara belə hücüm etmiş və ilk illərdə turksat dan yayılan GÜNAZTV televiziya kanalın bu satalaytdan(uydudan) götürtdürmüşdür, son illərdə yayınlanan ANT televiziya kanalına da bu imkanı verməmişdir.1398-ci il etirazlarında, güney Azərbaycanda umumi etiraz olmasa da, meydana girmək istəyən millətçilərin qabaqcadan tutuqlanması yalnız bu baxışla yorumlanabilər(təfsir olunabilər).

6-etnik sorun (qomi məsələ) və gərginliyin təsirləri
Daxili istemarın özünü göstərdiyi ən önəmli yerlərdən biri iqtisadi ayrıseçkilikdir(iqtesadi təbiiz). Pəhləvi dönəmindən bu yana hakimiyyətlərin qeyri fars və qeyri şiə yerləşimli bölgələrə qarşı iqtisadi ayrıseçkilik və güvənlik(əmniyyəti) siyasətləri nəticəsində, bir sıra şəhərlərin cəmiyyət tərkibi dəyişib. Qərbi Azərbaycan şəhərlərində bu cəmiyyət tərkibinin dəyişməsi, sonradan köçmüş kürdlərin bu şəhərlərdə çoxalması ilə malikiyyət iddiaları və hətta qondarma tarix oluşturmaları, son illərdə gərginlik(tension-tənesh) törətməkdədir. bir yandan kürdlərin bu şəhərlərdə hələ azınlıq olmalarına baxmayaraq İranda yaşayan türklərdən daha çox öz kimliklərin(hoviyyət) qoruyub millətçi olmaları və məcazi (sanal) dünyada bu baxışlarını yaymaları, silahlı təşkilatlara malik olmaları və başqa yandan isə son yüz ildə yaşanan Ciloluq və Simitqo hadisələri türklərdə nigəranlıq və qayğı törətməkdədir. bu haqlı qayğıdan yola çıxan millətçilər, məsələni neçə ildir müxtəlif seçkilərdə də irəli sürürlər. Seçkilər opozisyon tərəfindən habelə milli təşkilatlar tərəfinfən baykot olunduğu zaman belə, qərbi Azərbaycan da kürdlər səs(oy, rəy) qazanmasın deyə, bir sıra millətçilər seçkiyə qatıldı və hakimiyyətin adamlarına səs verdi. . Nəticə olaraq, hakimiyyət həm kürdlərdən həm də türklərdən daha çox səs gətirir. Hətta bu yolda hakimiyyətin ədəbiyyatın qullananlar da var. Hakimiyyət isə, nə Azərbaycan türklərinin nə də kürdlərin bu haqda qarşısın almır ve kürdlərə qarşı olmaq ən azı bu bölgələrdə milli hərəkətin əsas mahiyyəti kimi tanınır.


milli hərəkətin qeyri siyasi tanınmasının nəticələri
Güney Azərbaycan milli hərəkətinin qeyri siyasi hərəkət(devinim) olaraq tanınması normal hallarda onun daha çox yayılmasına nədən(səbəb) olub. Bu ölkədə insanlar siyasi hərəkətləri və siyasi olmağı çox həzinəli-maliyətli bilirlər. Uzun illərin təcrübəsi(denəyimi) bu dərki(alqılamanı) onlarda yaradıb. “Siyasətə qarışma, adamı gecəyinən yox edərlər” söyləmi siyasət haqda hər nədən daha çox yayqındır. Ona görədə Azərbaycan milli hərəkəti siyasi hərəkət kimi tanınsaydı, ona qoşulan, onu təbliğ edən və onun doğrultusunda(onun yolunda) açıqca çalışan az olacaqdı. Milli hərəkətin bir sira istəklərini o cümlədən ana dildə yazıb oxumağı, uşaqlara ana dildə ad qoymağı, quzey Azərbaycanı mudafiə etməyi(savunmağı) və iqtisadi ədalət istəməyi rejimin öz qanunlarına dayanaraq və hakimiyyətin söyləmi(discourse) ilə istəmək, bir çoxlarına cəsarət verirdi. Elə ona görədir ki, şərqi Azərbaycan nüfüs idarəsinin(səbte əhval) rəisi Əhəd Cəvadi-nin dediyinə görə, şərqi Azərbaycanda körpələr üçün türkcə ad istəyənlər yüzdə qırxdan çoxdur. Tıraxtur futbol takımı Azərbaycanda ən çox tamaşaçısı olan takımdır. 1384-ci il prezident seçkilərində 6 adayın(kandıdanın) içində ən az tanınmış aday olan Möhsün Mehrəlizadə şərqi Azərbaycan, qərbi Azərbaycan və Ərdəbil ustanlarında birinci səs qazanması, milli istəklərin nəqədər yayıldığını göstərdi. Mehrəlizadə adaylar içində ən az tanınmış aday olsada və hökümət içində heç bir siyasi-hərbi təşkilatın dəstəyini qazanmamış aday olsada, milli istəklərdən 18 maddəli bir listəyə qol çəkib təbliğ etdiyi üçün bu səsi qazandı. Bir haldaki bu aday İran səviyyəsində bütün adaylardan az səs gətirdi. İnsanlar heç bir təhlükə duymadan bu istəkləri yazır, onlar haqda imza toplayır və kandidanın təbliğat ofislərində olurdular. Ona səs verənlər də heç bir şübhə yaşamadan, gedib səs verdilər. Rəy(oy) vermək özü siyasi əməl(eyləm)olsada, hakimiyyətin sərt təpkisi olmadığı üçün onlar bu hadisəni(olayı) siyasi hərəkət kimi dəyərləndirmirdilər, onu sadəcə qanuni bir iş kimi görürdülər. Bu normal halda milli hərəkətin qeyri siyasi tanınmasının müsbət yanıdır. əlbəttə hakimiyyətin bu hərəkətə izin verməsinin nədəni haqda yazmaq, özü bir ayrı yazının qonusudur.

Normal(olağan) hallarda milli hərəkətin qeyri siyasi tanınması, onun xalq arasında geniş yayılmasına və azarkeş(tərəfdar) qazanmasına səbəb olsada, ölkədə siyasi təndirin qızışdığı zaman, əhalinin geniş səviyyədə hakimiyyətdən narazı olduğunda və umumi siyasi ekonomik etirazların başladığı an, bu təsir(etki) tam tərsinədir. insanlar nəqədər özlərin qeyri siyasi tanıtsalar və tanısalar da əslində geniş baxanda hər kəsin siyasi munasibəti(qonumu-mozei) var. İnsanlar ya indiki durumdan(vəziyyətdən) razıdırlar və onun qalmasını istəyirlər ya indiki durumdan narazıdırlar və onun dəyişməsin istəyirlər və bu haqda bir işlər görürlər ya da indiki durumdan narazı olsalar da onu dəyiştirməyə bir iş görmürlər. Normal hallarda vəziyyəti dəyiştirməyə çalışanların sayı çox az olsa da, hakimiyyətin məşruiyyəti(yasallığı) sual altına getdiyi və umumi etirazların başladığı an, insanlar meydana girməsələrdə, meydandakıların arasında özlərinə tim(takım) seçirlər, siyasi olurlar və get gedə meydana girənlərin sayı çoxalır və bir an böyük bir sel yaranır. Belə durumda, qeyri siyasi olaraq tanınan cərəyanlar(axınlar) əlbəttə ki seçilməyəcəklər. Bu gerçək təkcə qabaqca milli hərəkəti tanımayanlar üçün deyil, üstəlik normal halda milli hərəkətə tərəfdar(azarkeş-yanlı ) olan insanlar üçün də keçərlidir. Onlar uşaqlarının adın türkcə qoysalar da, tıraxturun azarkeşi olsalar da, siyasi meydanda siyasi timlərin birin seçəcəklər. özlərinin məhəllədə ya kəndlərində sevdikləri tim(takım) olsa da, liga oyunlarında listədə olanların birin seçirlər. İran futbal timi neçə ildir dünya çempiyonluğunda olmasa da, çoxları bu oyunları izləyir və çoxlarının sevib seçdikləri takimları olur. Hansı takım yaxşı oynasa, ya yaxşı bir qol vuran oyunçusu olsa, ya o ölkədən yaxşı təsvir olursa o timin tərəfdarı çox olur. Acı gerçək budur ki siyasi oyun da buna bənzəyir.


Bu bölümdə son olaraq bunu da təkid etmək(vurqulamaq) lazımdır:
Birinci, bir hərəkətin cazibəli(çəkici) olması üçün o hərəkətin siyasi olması gərəkli deyil, yalnız umum xalqın narazılığı və dəyişim istədiyi zaman, siyasi hədəflərin cazibəsi çox olur.

İkincisi bir sıra qeyri siyasi və huquqi ya ictimai istəklər belə, özəl zamanlarda xalq tərəfindən siyasi alqılanabilər. Ancaq bunun gələcəkdə də tikrar oacağına ümüd bəsləmək olmaz.Örnək(misal) üçün iran ana qanunundaki(yasasında) 15-ci maddə 1374-cü il məclis seçkilərində çehrəqani bəy tərəfindən irəli sürüldüyü zaman çəkici bir siyasi istək sayılırdı, həmin maddə 1384-cü il Mehrəlizadə tərəfindən istəniləndə normal haq və qanuni istək kimi dəyərləndi və 1400-cü ildə artıq bu istəyin cazibəsi qalmamışdı.

Üçüncüsü, siyasi bir hədəf gərəkli olaraq indiki rejimin dəyişməsi anlamında deyil. Ancaq rejimin məşruiyyətini itirdiyi və xalqın geniş narazı olduğu zaman, rejimi saxlamaq istəyən heç bir hərəkət xalq tərəfindən siyasi hərəkət kimi dəyərlənməz.1376-cı ildə rejim içrə islahat aparmaq istəyən Məhəmməd Xatəminin başçılığında yaranan islahat hərəkəti, siyasi hərəkət sayılırdı. əlbəttə ki yuxarıda vurqulanan kimi 1398-ci ildə artıq nə islahat nə usulgəra xalqın axtardığı deyildi, onlar meydana girsə də, umum xalq onları oyuncu saymaz.

Dördüncüsü, Güney Azərbaycan milli hərəkəti mahiyyətcə daxili istemara qarşı olduğu üçün, özlüyündə siyasi hərəkətdir və sıraladığımız nədənlərə görə bu hərəkət ara-sıra qeyri siyasi hərəkət kimi tanınır. Bu isə Azərbaycanlılar tərəfindən aparılan milli-mədəni çalışmaları aşağılamaq və dəyərdən salmaq anlamında deyil. Hətta hakimiyyətin Azərbaycan milli-siyasi aktivistlərini(eyləmci və teorisyənlərin) tutuqlayıb, mədəni və kültürəl çalışanlara az da olsa göz yumması, bu kimi çalışmaları bəyənməsi anlamına gəlməz. Sadəcə məsələ tərcih(yeyləmə) məsələsidir. Hakimiyyət Azərbaycan millətçiliyinin var olmasın əsla istəmir, sadəcə bu hərəkətin qeyri siyasi yönünü siyasi yönünə tərcih edir.


Nüvə anlaşması sonrası güney Azərbaycan milli hərəkəti
Nüvə anlaşması sonrası iqtisadi təhrimlər(yaptırımlar) götürüləcəyinə görə, bugünkü iqtisadi böhran bir sürə yatışacağı gözlənilir. Bu böhranın(bunalımın) keçici də olsa yatışması, boğulmaqda olan hakimiyyət üçün bir nəfəs yolu sayılır. Tərsinə, Qarşı tərəfdə olan opozisyonun manevra meydanı daralabilər. Deməli iran islam rejimi və opozisyonun arasındaki oyun-savaş bir sürəlik öz tamaşaçısın və qatılımçısın itirəcək. Bu yeni ortam(fəza) və bir baxışla bu girəvə(fürsət), güney Azərbaycan milli hərəkəti üçün önəmli olacaq. əlbəttə vurqulamaq lazımdır ki, bu vəziyyət sadəcə müvəqqəti olabilər. İqtisadi və idari fəsad bütün məmləkəti qapsayıb. Bu yolsuzluq(fəsad və əxlaqsızlıq) uzun sürəli bir gəlişməyə(toseəye) yol verməz.

İqtisadi böhran və narazılığı qullanaraq, iran əhalisin hakimiyyətə qarşı səfərbər etməyə çalışan opozisyon və özəlliklə səltənətçilər, Azərbaycanı meydana çəkəbilməsə də, özlərini gələcək üçün bir alternativ kimi tanıtmağı bacardılar. Pəhləvi dönəmini nostalojik duyğularla xatırlayan(anan) insanların sayı Azərbaycanlılar içində az olsa da, hər halda var. Birdəki istər Azərbaycanlılar səltənətçiləri bəyənsinlər, istər bəyənməsinlər, bugün Riza pəhləvi gələcək İran üçün özəlliklə kütlə arasında bir alternativ sayılır. Bu durum və baxışı yaradan üç amil var. Birincisi indiki hakimiyyətdən geniş narazılıq və onun sonucunda hakimiyyətin məşruiyyətinin(yasallığının) itməsi, ikincisi İran opozisyonunu özəlliklə səltənətçilərin bu durumu qullanıb, öz geniş mediya imkanlarına dayanaraq özlərin bir alternativ kimi irəli sürmələri, üçüncüsü, milli hərəkətin bir siyasi oyuncu kimi xalqa tanınmaması.

Bu durum(vəziyyət) Güney Azərbaycan üçün istənilən bir durum deyil. Güney Azərbaycan milli hərəkəti bir siyasi oyuncu potansiyelində(yetənəyində) olduğu və özəlliklə Azərbaycanda birinci oyuncu olduğu halda, bu sonuc(nəticə) bu hərəkətə qəbul olunmazdır. Özəlliklə qarabağ qonusunda bir güclü ictimai-siyasi oyuncu olaraq hakimiyyəti geri oturdan və hakimiyyətin qarabağ haqda öz siyasətlərini dəyişməyə məcbur edən milli hərəkət, öz layiqli yerin almalı və indiki ya gələcək hər hansı durumda söz sahibi olmalıdır. Bunun üçün də, indiki fəzani(ortamı) və fürsəti(girəvəni) qulanaraq, özünü olduğu kimi irəli sürüb, olduğu kimi xalqa tanıtmalıdır. Milli hərəkət öz siyasi istəyi yəni milli hökümət qurmaq istəyi üzərinə odaqlanıb(təmərküz edib) və bütün gücün bu istəyə yönəldərsə, həm güney Azərbaycan millətini bu hədəf uğrunda səfərbər edəbilər, həm də indiki və ya gələcək hər hansı bir durumda təyinedici bir qüvvə olabilər.

Bunun üçün:
1-dağınıq, çoxsaylı və qeyri siyasi hədəflər yerinə , bir siyasi hədəf üzərinə odaqlanmaq(təmərküz etmək) gərəklidir. Milli aktivistlər(eyləmcilər) tərəfindən o qədər istəklər ortaya qoyulur ki, bir sıra hallarda millətçilər özləri belə nə istədiklərini kamil açıqlayanmırlar. Urmu gölünün qurumasının qabağın almaq, ana dildə öyrənim, Azərbaycan iqtisadiyyatı və ekonomik ayrıseçkiliyin qaldırılması, urmu və qərbi Azərbaycanda kürd məsələsi və bununla bağlı seçki hədəfləri, Azərbaycan meşələrinin qorunması, dövlət vəzirlərinin neçəsinin Azərbaycanlı olması, iran dövlət televiziya və başqa mediyalarda türklərə qarşı təhqir və tohinlərin qaldırılması, türk dil qurumunun yaranması(ferhengestane zebane türki), türk dilinin rəsmi olması… kimi milli istəklər iran içində açıq və rəsmi meydanda ortaya qoyulan istəklərdir.( əlbəttə milli duyğulardan irəli gələn , nasyonalisti boyası və mahiyyəti olan ancaq birbaşa-müstəqim bir istək daşımayan şuarlar da Azərbaycanlıların toplantılarında səslənir o cümlədən Azərbaycan var olsun istəməyən kor olsun, Azərbaycan oyaqdır öz dilinə dayaqdır, haray haray mən türkəm, Azərbaycan qızları göylərin ulduzları, Azərbaycan yurdumuz tıraxtur bozqurdumuz, Tərbiz Bakı Ankara biz hara farslar hara, yaşasın Azərbaycan, ölüm olsun şovonistə, rus fars erməni bütün türkün düşməni,…) hakimiyyət də zamanında bu istəklərlə milli hərəkət tərəfdarların(yanlıların) aldadabilir. Ruhaninin Urmu gölünü diriltmək və dil fərhəngistanı qurmaq (dil qurumu) vəədəsi ilə bir sıralarını aldatması, bunun açıq örnəyidir(numunəsidir).

1357-ci il inqilabından sonra Kürdlər bir siyasi istəyi öz hədəfləri kimi irəli sürdülər və bir qissa şuar(sloqan) ilə onu xalq arasında yaydılar. Bu hədəf yəni “ İran üçün demokrasi və kürdüstana muxtariyyət” kürd millətçiliyinin əsas xəttini təyin etdi və kürdlərin çoxu bu hədəfi kürd millətinin əsas hədəfi kimi qəbul etdilər. Hələdə 40 il sonrası , onlar o hədəf və şuarı unutmayıblar. Quzey Azərbaycanda sərhəd hərəkatı və bütovlük hərəkatı zamanı, Azərbaycanın müstəqilliyi və bütövlüyü o hərəkatın əsas hədəfiyidi. “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun” isə bu hərəkətin xalq arasında yayılmış şuari(sloqani) idi. Uzun illər sonra, milli siyasi istəyimizi özündə daşıyan “azadlıq, ədalət, milli hökümət” sloqani artıq milli təşkilatlar tərəfindən mənimsənib. Bu istək, hədəf və sloqan ortaq hədəfdirsə, geniş səviyyədə yayılmalıdır və bütün toplantılarda, qurultaylarda, siyasi bildirişlərdə və şəxsi internet səfhelərində bu hədəfə odaqlanmaq ən önəmli taktik olabilər. bu hədəf bütün yan və balaca hədəflərdən üstün tutulmalı və yayılmalıdır. “Milli hərəkət və ya Azərbaycanlılar nə istəyir?” sorusunun cavabı isə hər nədən öncə bu istək olmalıdır.

2-açıq və aşkar şəkildə bu hədəfi irəli sürmək gərəklidir. Gizlin hərəkətlər əqim və doğmaz qalır, bu hədəf umum millətin açıq hədəfinə çevirmək istənilirsə, gərək millətin içində çəkinmədən açıq irəli sürülə, yoxsa bu hədəf balaca quruplar arasında sıxılıb qalar. əyər bir hədəfi daşıyanlar onu açıqca mudafiə etmirlərsə, ya milləti aldadırlar ya özlərin, hakimiyyətin bugünə qədər təpkiləri(vakoneş) göstərir ki, hakimiyyət aldanmayıb.

3-əyər millətçilər “milli höküməti olmayan bir millətin heç nəyi yoxdur”, deyirlərsə və “Bir millətin milli höküməti yoxdursa, milli dil və milli torpaqlarının qorunmasına qaranti(güvəncə) yoxdur” sözünə inanırlarsa o zaman milli hökümət istəyi bütün anlaşmalar, muzakirələr və birliklərin nədəni(səbəbi) və qonusu(mozusu) olmalıdır. Milli hökümət istəyi öz milli muqəddəratını təyin etmə haqqıına dayanan bir istəkdir və sadəcə müstəqil dövlət mənasında deyil, federal sistemini də bürüyür(şamil olur). Bugün dünyada bir çox ölkələr bu system ilə idarə olunur. İstər iran hakimiyyəti istərsədə fars opozisyonu, bu istəyi qəbul etməlidir. Onların bölücülük(təcziyətələblik) ittihamlarından çəkinməmək gərəklidir. Onlar bilməlidir ki, istemar və nijadpərəstliyin(soyçuluğun) davam etməsidir ki, bir millətin ayrılıb müstəqil olmasına şərayit yaradar və ona haq qazandırar.

4-baxmayaraq ki nasyonalizm, sosyalizm və liberalism kimi bir bütün(came) ideoloji deyil, ancaq nasyolalizm zaman zaman muxtəlif yerlərdə ayrı ayrı ideolojilərlə idğam olub(uzlaşıb) və çeşitli formalar alıb. Onların iqtisadı baxışları fərqli olsa da milli məsələni aradan qaldırmağa yollar irəli sürür və bunu öz idelojiləri ilə yorumlayırlar. Farsların-İrançıların içində sol nasyonalism, liberal nasyonalism və məzhəbi-dini nasyonalism bulunduğu kimi, bugün Azərbaycanda da millətçi olaraq liberal demokrasi və sosyal demokrasi ideolojilərin də daşıyan təşkilatlar var. Ölkənin bugünkü iqtisadi durumunda, bu təşkilatların və onların teorisyənlərinin varlığı milli səfərbərlikdə(umumi toparlanma-bəsice umumi) önəmli rol oynayabilər. Habelə, bu ideolojilərin heç birini mənimsəməyən və ya bugün yalnız milli məsələnin vacibliyini düşünən yoldaşlar isə, gərək milli hərəkətin əsas istəyi olan milli hökümətin yoxluğu ilə, bugünkü iqtisadi fəlakət arasındakı ilişkini millətə çatdıralar. Bugünə qədər Azərbaycana qarşı yapılan iqtisadı ayrıseçkilik haqda çox saylı yazılar yazılıb, sadəcə gün məsələləri yəni, bahalıq, işsizlik, ictimai fəsad və… kimi məsələlərin aradan qaldırılması üçün ortaya qoyulan yol və istək önəmlidir. bir sözlə, milli hərəkət bütün ictimai, sinfi və iqtisadi etirazları dəstəkləməli, onların yanında olmalı və bu hərəkətləri milliləştirməlidir. Müəllimlər, işçilər, qadınlar və əməklilər fars kimi yox türk kimi danışmalıdılar. Onların fars müəllim, işçi və qadınlarla ortaq dərdləri olsada, oxşar dərdləri yoxdur. Onların istədikləri dərman da fərqli olmalıdır. Lazım deyil Azərbaycan müəllimi, yalnız fars müəlliminin dediyi dərdin desin, o, müəllim olaraq öz dərdin də deməlidir, Azərbaycan müəllimlərinin bir müəllim kimi farslardan fərqli dərdləri də var, bu dərdlər həm də müəlllimlik ilə ilgilidir də. əyər fars müəllimləri pulsuz öyrətim deyirlərsə, Azərbaycanlı öyrətmənlər, bu istəklə yanaşı ana dildə öyrətim də deməlidirlər.

5-mədəni hərəkətlər və mubarizələrdə həzinə(maliyət) önəmlidir. Hakimiyyət isə çalışır bu həzinəni artırmaqla xalqı bu hərəkətə qoşulmaqdan çəkindirə. Ancaq bu hərəkətlərə qoşulanların sayı çoxaldıqca, bu həzinə(xərc) azalacaq. 1990-cı il 20 yanvar gecəsi Rus-Sovietlər birliyi ordusu Bakiya girib xalqı gülləyə basdı. Yüzlərlə insan o gecə yaralanıb ya həyatlarını itirdilər, ertəsi gün milyondan artıq Azərbaycanlı o gecə şəhid olanların cənazəsin çiyinlərində götürüb, onlarla vidalaşdılar. Bir Rus politoloqunun dediyinə görə, Savietlər birliyi 1991-ci il yox, elə 1990-ci il 22 yanvarda bakıda dağıldı.
Bu yük ona dəyər verənlərin hamısının yüküdür. İgitlərimizi bu yük altında tək qoymasaq, kəsin qazanacayıq.

Yürüş Mehrəlibəyli
1401/1/20

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.