Güney Azərbaycanın partiya və təşkilatlarından Ukrayna Prezidentinə və Millətinə dəstək məktubu

Ukrayna Prezidenti Zati-aliləri Vladimir Zelenski

Sizə və cəsur Ukrayna xalqına salamlar və uğurlar
Təəssüf ki, dünya demokratiya və insan haqları dövründə avtoritar və diktator bir insanın amansız faciəsinə şahidlik edir. Günlərdir ki, cəsur Ukrayna xalqı Vladimir Putinin başçılıq etdiyi rus ordusunun işğalına məruz qalıb və milyonlarla Ukraynalı öz evindən və vətənindən didərgin düşüb. Təəssüf ki, hər keçən gün faciənin dərinliyi daha da artır və qarşı tərəf öz hərbi gücünə arxalanaraq daha çox cinayət törədir. Hər gün mülki ərazilər, xüsusilə müdafiəsiz uşaq və qadınlar bombalanaraq insan haqları və beynəlxalq hüquq dəyərləri göz ardı edilir və zorakılığa məruz qalır. Ancaq Ukrayna xalqı azadlığı, ədaləti, insan haqlarını və demokratiyanı müdafiə etmək, böyük bədəl bahasına vətənini qorumaq üçün hər gün daha çox mübarizə aparır.

Son bir neçə ildə Ukrayna xalqı minlərlə vətəndaşının həyatını qurban verərək bu faciəvi təcrübəni dəfələrlə yaşayıb, lakin dünya bu ədalətsizliyi, zülmü və təcavüzü ancaq seyr edib. Vladimir Putinin Krım yarımadası və Donbasdakı aqressiyasına və işğalına qarşı bu laqeydlik və hərəkətsizliyin nümunələrini gördük.

Cəsur Ukrayna Xalqının Prezidenti Zati-aliləri Vladimir Zelenski
Bildiyiniz kimi, Azərbaycan torpağı dəfələrlə rus imperializminin işğalına məruz qalıb və rus təcavüzü nəticəsində Azərbaycan quzey və güney hissələrinə parçalanıb, xalqımız əzab-əziyyətlə dolu bir tarix yaşayıb. Quzey Azərbaycan nəhayət Rusiya işğalından qurtulsa və müstəqilliyini geri qazansa da, Güney Azərbaycan hələ də Putinin yaxın müttəfiqi olan və onu dəstəkləyən İran-Fars müstəmləkəçiliyi altındadır. Məhz buna görə də işğal, təcavüz, məcburi köç, müstəmləkəçilik və müəyyən mənada öz müqəddəratını təyin etmək hüququndan məhrum edilmə əzabları bizim, Güney Azərbaycan xalqının və qəhrəman Ukrayna xalqının ortaq dərdidir.

Biz hesab edirik ki, Putin rejimi beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın ərazi-milli və siyasi müstəqilliyini pozub, Ukraynada qeyri-qanuni olaraq hərbi güc tətbiq etməklə, habelə mülki hədəfləri hədəfə almaqla insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib.

Biz Güney Azərbaycan təşkilatları və partiyaları Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini dəstəkləməklə yanaşı, bütün hökumətləri, təşkilatları və insan haqları qurumlarını Ukrayna xalqına dəstək və yardım etməyə çağırırıq. Biz inanırıq ki, Ukrayna xalqının müqaviməti vətənin müdafiəsi və öz milli müqəddəratını təyin etmək hüququdur və Sizin müdrik rəhbərliyinizlə yaxın gələcəkdə bu işğal müharibəsində Ukrayna xalqının qələbəsini görəcəyik.

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə İranın faşist və diktatura rejiminin dəstəyini də pisləyirik və qınayırıq.

Yaşasın Ukrayna
Yaşasın Azərbaycan və Ukrayna xalqlarının dostluğu

Güney Azərbaycan Təşkilatlarının İşbirliyi Qurulu:
Güney Azərbaycan Təşkilatlar İş Birliyi:
1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

1 geri izleme / bildirim

  1. نامه حمایتی احزاب وتشکیلات های آزربایجان جنوبی به رئیس جمهور و ملت اوکراین - آراز نیوز

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.