آراز نیوز:
آزربایجان خالق جمهوریتینین سقوطو و باکینین ایشغالیندان ۱۰۰ ایل اؤتور
آزربایجان خالق جومهوریتینین بلشویک اوردوسو طرفیندن ایشغال ائدیلهرک موستقیللیگی و میللی حاکمیتینین داغیدیلماسیندان آرتیق ۱۰۰ ایل کئچیر. آزربایجان و تورک دونیاسینین داهی شخصیتلریندن اولان محمد امین رسولزاده و موساوات پارتییاسینین دئموکراتیک پرینسیپلره سؤیکهنهن هئیتی طرفیندن برپا ائدیلهن آزربایجان خالق جومهوریتی، موسکووادا یئنی قورولموش کمونیست حاکمیتین لیدئری ولادیمیر لئنینین امری ایله هوجوما معروض قالاراق دئوریلمهسی، هئچ بیر زامان بو میللی حاکمیتین معنوی وارلیغینی زدهلیهبیلمهییب خالقین اورهییندهکی موستقیللیک و حریت سئوداسینی یوخ ائدهبیلمهدی.
چوخ تأسف کی، ۱۹۲۰-جی ایل آوریلین ۲۷-ده، قیزیل اوردو طرفیندن آزربایجانین گؤز ببهیی باکینی ایشغال ائدرکهن، آcربایجانین یئرلی کومونیستلرینین او جملهدن نریمان نریمانوو کیمی شخصلرین بؤیوک رولو و امکداشلیغی تاریخین قارا صحیفهلرینده یئر آلمیشدیر. نریمانوو داها سونرا غیر-موستقیل آزربایجان سووئت سوسیالیست رئسپوبلیکاسینا رهبر تعیین ائدیلهجکدی.
۲۸ مای ۱۹۱۸-جی ایلده جومهوریت ایکی ایل سونرا ۱۹۲۰-جی ایلده سووئتلر طرفیندن ایشغال ائدیلمهسی و آزربایجانین قورتولوش گونو اولاراق قئیده آلینماسی، گونئی آزربایجانین ۱۹۴۵-جی ایل قورولاراق ۱۹۴۶-جی ایلده ایسه تئهران رئژیمی طرفیندن هوجوما معروض قالیب دئوریلمهسینده وطنیمیزین ایکی پارچاسی دا عینی تالئیی یاشامیشدیر. گونئی آزربایجانین ۱۲ دئکابر ۱۹۴۶-جی ایلینده ایران پهلوی رئژیمینین اوردوسو طرفیندن وحشیجه هوجاما معروض قالاراق داغیدیلماسی، ایرانین فاشیستلری طرفیندن آزربایجانین آزاد ائدیلمه گونو کیمی قئید ائتمهلری و بونون آزربایجانیمیزین قوزئیینده توتالیتار کومونیست حاکمیتی طرفیندن عینی شکیلده قلمه آلماسی دقت چکیجیدیر.
چوخ ماراقلیدیر کی، سووئت روسیاسی ۱۹۲۰-جی ایلین اوللرینده ائرمهنی پریموو و زاخاریان کیمی شخصلر اوزریندن قاراباغدا ایغتیشاشلارا باشلادیلماسی تشببوسونو پلانلاشدیراراق آزربایجان خالق جومهوریتینه قارشی ایستفاده ائتدی. میللتلری ایستیسمار ائتمک مقصدی ایله اونلاری بیری بیرینین علیهینه دوشمهن چیخارما اویونلاری ایمپئرییا و موستملکهچی دؤولتلرین خصوصیتیدیر. تأسفلر اولسون کی، بو گون ایران موستملکهچی حاکمیتی میللتلری بیربیرینه دوشمهن مؤوقئیینه گتیرمهیه جهد ائدرک گونئی آزربایجانا قارشی دیگر میللتلرین ایفراط قروپلارینی انگل کیمی ایستیفاده ائدیرلر.
۱۹۹۱-جی ایل آزربایجانین قوزئی پارچاسیندا ۷۰ ایلدهن آرتیق میللی حاکمیت سئوداسینین آلووو سؤنمهیهن وولکان بیر داها ائلچی بیین اؤندرلیگی ایله اویانیب پوسکوردو و ایستیقلالیتینی گئری آلدی. شوبههسیز کی، گؤودهسی بؤلونموش آنجاق روحو بوتؤو قالان آزربایجانیمیزین گونئیینده هله میللی آزادلیق و قورتولوش اوغروندا موباریزه خالقیمیزین میللی موقددراتینی تعیین ائتمه حاقینی الده ائتمهسینه قدر داوام ائدجکدیر.
آراز نیوز یازارلار هیئتی
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Bakının işğalından 100 il ötür
Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik ordusu tərəfindən işğal edilərək müstəqilliyi və milli hakimiyyətinin dağıdılmasından artıq 100 il keçir. Azərbaycan və Türk dünyasının dahi şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadə və Müsavat partiyasının demokratik prinsiplərə söykənən heyəti tərəfindən bərpa edilən Azərbaycan Xalq Cumhuriyyəti, Moskovada yeni qurulmuş Kommunist hakimiyyətin lideri Vladimir Leninin əmri ilə hücuma məruz qalaraq devrilməsi, heç bir zaman bu hakimiyyətin mənəvi varlığını zədələyəbilməyib xalqın ürəyindəki müstəqillik və hüriyyət sevdasını yox edə bilmədi.
Çox təəssüf ki, 1920-ci il aprelin 27-də, Qızıl ordu tərəfindən Azərbaycanın göz bəbəyi Bakını işğal edərkən, Azərbaycanın yerli Kommunistlərinin o cümlədən Nəriman Nərimanov kimi şəxslərin böyük rolu və əməkdaşlığı tariximizin parlaq kitabında qara ləkə kimi yer almışdır. Nərimanov daha sonra qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin ediləcəkdi.
.۲۸ may 1918-ci ildə Cümhuriyyət iki il sonra 1920-ci ildə sovetlər tərəfindən işğal edilməsi və Azərbaycanın qurtuluş günü olaraq qeydə alınması, Güney Azərbaycanın 1945-ci il qurularaq 1946-ci ildə isə Tehran rejimi tərəfindən hücuma məruz qalıb devrilməsində vətənimizin iki parçası da eyni taleyi yaşamışdır. Güney Azərbaycanın 12 dekabr 1946-ci ilində İran Pəhləvi rejiminin ordusu tərəfindən vəhşicə hücama məruz qalaraq dağıdılması, İranın faşistləri tərəfindən Azərbaycanın Azad edilmə günü kimi qeyd etmələri və bunun Azərbaycanımızın quzeyində totalitar Kommunist hakimiyyəti tərəfindən eyni şəkildə qələmə alması diqqət çəkicidir.
Çox maraqlıdır ki, Sovet Rusyası ۱۹۲۰-ci ilin əvvəllərində erməni Primov və Zaxaryan kimi şəxslər üzərindən Qarabağda iğtişaşlara başladılması təşəbbüsünü planlaşdıraraq Azərbaycan Xalq Cümhuriyyətinə qarşı istəfadə etdi. Millətləri istismar etmək məqsədi ilə onları biri birinin əleyhinə düşmən çıxarma oyunları imperiya və müstəmləkəçi dövlətlərin xüsusiyyətidir. təəssüflər olsun ki, bu gün İran müstəmləkəçi hakimiyyəti millətləri birbirinə düşmən mövqeyinə gətirməyə cəhd edərək Güney Azərbaycana qarşı digər millətlərin ifrat qruplarını əngəl kimi istifadə edirlər.
۱۹۹۱-ci il Azərbaycanın quzey parçasında 70 ildən artıq milli hakimiyyət sevdasının alovu sönməyən vulkan bir daha Elçi Bəyin öndərliyi ilə oyanıb püskürdü və istiqlaliyyətini geri aldı. Şübhəsiz ki, gövdəsi bölünmüş ancaq ruhu bütöv qalan Azərbaycanımızın güneyində hələ milli azadlıq və qurtuluş uğrunda mübarizə xalqımızın milli müqəddəratını təyin etmə haqqını əldə etməsinə qədər davam edəcəkdir.
Araz News Yazarlar heyəti